İDMAN


Rövşən Hüseynli: Əsas hədəfimiz Avropa çempionatında mübarizəni davam etdirməkdir

Bakı, 27 yanvar, Həsrət Mahmudova, AZƏRTAC

Bu gün gecə karantin müddətimiz başa çatır və həmkarım Qallo ilə birlikdə komandaya qoşulmaq üçün Amsterdama yola düşəcəyik.

Bu sözləri futzal üzrə Avropa çempionatının final mərhələsindən əvvəl koronavirus testinin nəticəsi pozitiv çıxdığı üçün karantin rejiminə alınan Azərbaycan millisinin üzvü Rövşən Hüseynli AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Millimizin qapıçısı bildirib: “Yanvarın 29-da yığmamızın Bosniya və Herseqovina ilə oyununda iştirakımız üçün UEFA-nın tələbinə əsasən, anticisim testimizin cavabı neqativ olmalıdır. Əgər testin cavabı neqativ olarsa, oyunda iştirak edə biləcəyik. Bundan sonra qərarı baş məşqçi verəcək. Çünki bir həftədir hotel otağında məşq edə bilmişik. Millimizin Avropa çempionatında iki fərqli oyununu gördük. İspaniya ilə matçda Azərbaycan millisi gözəl oyun nümayiş etdirdi. Gürcüstan ilə oyunda isə, komandamızda gərginlik hiss olunurdu. Bəlkə də bu ilk oyununun psixoloji təsirindən asılı idi. Heyf ki, komandaya kömək edə bilmədim. Amma az da olsa, şansımız var. Əsas hədəfimiz Avropa çempionatında mübarizəni davam etdirməkdir”.

Azərbaycan millisi Avropa çempionatında ilk oyunda Gürcüstan komandasına 2:3 hesabı ilə uduzub. İspaniya seçməsi ilə ikinci görüş isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Millimiz qrupdakı sonuncu oyununda yanvarın 29-da Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək.

Hazırda hesabında 6 xal olan Gürcüstan millisi qrupda birinci pillədə qərarlaşıb. Yeddiqat Avropa çempionu İspaniya seçməsi 4 xalla ikinci, Azərbaycan komandası isə 1 xalla üçüncüdür. Bosniya və Herseqovina yığmasının aktivində xal yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.