CƏMİYYƏT


Rövşən Rzayev: Bu il 6 min məcburi köçkün ailəsinə mənzillər veriləcək VİDEO

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının icra katibliyində mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, komitə sədri məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşmasının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi olduğunu bildirib. Qeyd edib ki, “Qobu-Park” yaşayış kompleksində birinci mərhələdə 1026, ikinci mərhələdə isə 1300 ailə mənzillə təmin olunub.

Tikinti işləri özəl şirkət tərəfindən aparılıb. Əgər Dövlət Komitəsinin tikdiyi yaşayış kompleksində mənzillər yalnız mətbəx avadanlıqları ilə təmin olunurdusa, özəl şirkətin inşa etdiyi binalarda mənzillər mətbəx mebeli ilə təmin olunub, ev sahiblərinə soyuducu hədiyyə edilib.

Rövşən Rzayev qeyd edib ki, bu il 6 min məcburi köçkün ailəsinə mənzillər veriləcək. Onlardan 3700-dən çoxu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən, yerdə qalanları özəl sektorun köməyi ilə tikiləcək. Bununla yanaşı, Şirvanda 685 ailəyə mənzil təqdim olunacaq, Beyləqanda 146 fərdi ev tikilib istifadəyə verilib. Göyçayda, Göygöldə və Kürdəmirdə qəsəbə istifadəyə veriləcək.

Komitə sədri deyib ki, evlər ilkin olaraq ağır şəraitdə yaşayan məcburi köçkünlərə verilir. Mənzillərin paylanması ilə bağlı komissiya fəaliyyət göstərir. Biz köçürülmə zamanı daha çox yataqxanalarda, pansionatlarda, məktəblərdə, uşaq bağçalarında, zirzəmilərdə qalanlara üstünlük veririk. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, zirzəmilərdə yaşayan 300-ə yaxın ailə mənzillərlə təmin olunub. Yeni mənzillərin və qəsəbələrin tikilməsi ilə əlaqədar torpaqların ayrılması üçün müraciətlər olunub.

R.Rzayev görülən əlavə tədbirlər haqqında da danışıb. Bildirib ki, Səhiyyə Nazirliyi ilə birlikdə müayinələr keçirilib. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə əmək yarmarkaları təşkil edilib.

Qeyd edib ki, Azərbaycanda sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir. Bu baxımdan qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi qayğı da böyük əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı xeyli fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Prezident İlham Əliyevin hələ 2003-cü ildə elan etdiyi kimi, qısa müddətdə bütün çadır düşərgələri ləğv edilib.

Daha sonra komitə sədri jurnalistlərin suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.