DÜNYA
“Royal Bank of Scotland” 5 funt nominalında plastik banknot dövriyyəyə buraxıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Şotlandiyanın “Royal Bank of Scotland” bankı 5 funt-sterlinq nominalında olan ilk polimer əsginas dövriyyəyə buraxıb.
AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, kağız puldan daha möhkəm və etibarlı olan plastik banknotun dizaynı dünyada ən iri qiymətli kağız istehsalçılarından olan Britaniyanın “De La Rue” şirkəti tərəfindən hazırlanıb. Plastik pulların xidmət müddəti təxminən 5 ildir.
Banknotun üzərində şotlandiyalı şairə Nen Şeperdin şəkli təsvir olunub. Bank, həmçinin üzərində Şotlandiyanın astronomik araşdırmaçısı Meri Ferfaks Somervilin rəsmi olan 10 funt-sterlinq nominallı əsginas dövriyyəyə buraxmağı planlaşdırır.
Plastik əsginası Şotlandiyanın yeddi şəhərinin 9 bankının filiallarından almaq mümkündür. Bank yeni əsginasın yaxın bir neçə həftə ərzində geniş yayılmasını, eləcə də 2017-ci ilin mayına qədər köhnə əsginasların 90 faizinin yenisi ilə əvəz edilməsini planlaşdırır.