CƏMİYYƏT


Rüfət Elçiyev: “ABAD” maraqlı ideyalara həyat verən innovativ təşəbbüsdür

Bakı, 22 fevral, Ceyhun Rüstəmov, AZƏRTAC

Azərbaycanda vətəndaşların həyatını asanlaşdırmağa yönəlmiş bir sıra layihələr həyata keçirilir. Belə layihələrdən biri də “ABAD” mərkəzlərinin yaradılmasıdır. “Ailə Biznesinə Asan Dəstək” - “ABAD” kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə təsis edilib. Yeni sosial innovasiya konsepsiyası olan “ABAD” Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində yaradılıb və qısa müddətdə böyük marağa səbəb olub.

“ABAD”ın direktoru Rüfət Elçiyev AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

İdeyadan rəflərə

- Rüfət müəllim, “ABAD” publik hüquqi şəxsin əsas fəaliyyət istiqamətləri və məqsədləri barədə məlumat verməyinizi xahiş edirik. Yarandığı vaxtdan bəri “ABAD” ailə biznesinin inkişafına necə və hansı formada dəstək verir? Önəmli layihələrdən hansıları xüsusi qeyd etmək istərdiniz?

- Prezident İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanına əsasən yaradılmış və pilot layihə kimi Masallıda fəaliyyətə başlayan, iki istiqamətdə - qida məhsullarının istehsalı və dekorativ-tətbiqi xalq sənətkarlığı sahələrində ailələrə dəstək göstərən “ABAD” hazırda bütün ölkə ərazisini əhatə edən bir quruma çevrilib.

Mən deyərdim ki, “ABAD” kiçik və orta sahibkarlığın, eləcə də ailə biznesinin inkişafına xidmət edən, maraqlı ideyalara həyat verən innovativ təşəbbüsdür. Bu layihə fərdi ideyaların gerçəkləşməsinə yardım edir. Bu iş biznes-planın hazırlanmasından başlayır. Bundan başqa, dəstək proqramına marketinq, brendinq, dizayn, logistika, maliyyə-mühasibat, qablaşdırma, daşınma, satış və s. xidmətlər aiddir. “ABAD” istehsal olunan məhsulların sertifikatlaşdırılmasını da təmin edir. Bunlar bütün proseslərin “bir pəncərə”də həyata keçirilməsinə imkan verir. Yəni, “ABAD” sahibkar olmaq istəyən insanlara “ideyadan rəflərə” yanaşması ilə dəstək göstərən yeni sosial-iqtisadi təşviq mexanizmidir.

“ABAD” bir çox layihələri dövlət və özəl qurumlarla birgə reallaşdırır. Onların arasında xüsusilə BMT-nin İnkişaf Proqramı (UNDP) və Avropa İttifaqı (Aİ) kimi xarici strateji partnyorlarımızı qeyd etmək istərdim. Məsələn, Aİ ilə birgə həyata keçirilən “Balakən regional “ABAD” Mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi rayonunda kiçik ailə bizneslərinin inkişafına kömək” layihəsi bu günlərdə aktiv fazaya daxil olacaq. Bundan başqa, yaxın vaxtlarda Şəki şəhərində açılacaq Şəki Keramika və Tətbiqi Sənət Mərkəzini də qeyd etmək istərdim.

Bu il Şəki və İmişlidə “ABAD”ın regional mərkəzləri açılacaq

- Balakəndə, Masallıda, Qubada “ABAD” mərkəzlərinin yaradılmasından xəbərdarıq. Növbəti mərkəzlərin hansı rayonlarda yaradılması nəzərdə tutulur? Satış mərkəzlərinin açılması prosesi necə gedir?

- 2018-ci ildə Şəki və İmişli rayonlarında daha iki regional mərkəzin açılışı nəzərdə tutulub. Satış mərkəzlərinin sayı da artacaq. Hazırda 6 satış mərkəzimiz fəaliyyət göstərir: İçərişəhər Tarixi-Memarlıq Qoruğunda, Heydər Əliyev Beynəlxalq Hava Limanının Duty-Free zonasında, Bakı Dəmiryol Vağzalında, beynəlxalq idman yarışları zamanı Milli Gimnastika Arenasında, Qəbələ rayonundakı “Tufandağ” dağ-xizək yay-qış istirahət kompleksinin ərazisində və Şamaxı rayonunun Dəmirçi kəndində. İlin birinci yarısında isə öncə qeyd etdiyim Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin nəzdində və paytaxtımızın “Fairmont” otelində satış mərkəzlərimiz qapılarını açacaq.

“ABAD” hazırda 20 şəhər və rayondan olan 203 ailəyə dəstək göstərir

- Hazırda neçə ailəyə dəstək göstərirsiniz? Onlar əsasən hansı bölgələri əhatə edir? 

- “ABAD” açıldığı gündən indiyədək Azərbaycanın 20 rayon və şəhərindən olan 203 ailəyə dəstək göstərib. Onların sayı gündən-günə artır.

- “ABAD” yerlərdə necə qarşılanır? Sizə müraciət edənlər çoxdurmu? Onların seçimi hansı meyarlarla aparılır?

- Müraciətlər olduqca çoxdur. Hər bir müraciət edən şəxs üzrə təhlil aparılır, onun biznes yaratmaq potensialı, istehsal gücü, təcrübəsi, xammal ehtiyatı, işgüzarlığı qiymətləndirilir. Kriteriyalara cavab verən vətəndaşlar “ABAD” ailəsinə dəvət olunurlar.

- “ABAD” məhsullarının satışında nə kimi irəliləyiş var? Ümumiyyətlə, bu məhsullara tələbat hansı səviyyədədir?

- Qida məhsulları çeşidinin artırılması üzrə işlər gedir. Satış mərkəzlərimizdə və “Bravo” marketlər şəbəkəsində cem, mürəbbə, bal, ət və süd məhsullarımız təqdim olunurdusa, tezliklə “ABAD” leyblı altında meyvə quruları, qənd, təbii əsaslı kosmetik/gigiyena vasitələri və hətta spirtli içkilər də satışa çıxarılacaq. “ABAD” məhsullarının əsas alıcılarının xarici turistlərin olduğunu nəzərə alsaq, onların sayında artım baş verdikcə məhsullarımıza tələbat da artır.

“Hədəflərimizdən biri də ixracdır”

- Bu məhsulların xarici bazarlara çıxarılması perspektivini necə qiymətləndirirsiniz? Bununla bağlı nə kimi planlarınız var?

- Hədəflərimizdən biri məhz ixracdır. Bunun üçün ilk addım olaraq AZEXPORT portalı ilə əməkdaşlıq qurulub. Əvvəlcə MDB, daha sonra Qərb ölkələrinə ixracı nəzərdə tuturuq. Hədəfimizə çatmaq, “ABAD” məhsullarının xaricdə satışını təşkil etmək üçün bütün zəruri addımlar atılacaq.

- Alıcı təqdim olunan məhsulun orijinallığını necə müəyyənləşdirə bilər?

- Təqdim olunan bütün məhsulların üzərində onu istehsal etmiş sənətkarın və ya fermerin adı qeyd edilir. Qida məhsullarının hər biri işarələnir və üzərində qeyd etdiyim kimi, “ABAD” leyblı yerləşdirilir. Suvenirlərdə isə bu məlumatlar xüsusi sertifikat-kitabçalarda təqdim olunur. Bu fərqlənmə nişanları həmin məhsulun orijinallığından xəbər verir.

Onu da vurğulayım ki, “ABAD”ın konsepsiyası yalnız “Made in Azerbaijan” brendi altında təqdim oluna biləcək məhsulların satışını nəzərdə tutur.

“ABAD” sosialyönümlü layihə kimi artıq yetərincə tanınır

- “ABAD” SOCAR-la, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edir. Gələcəkdə bu dairəni genişləndirmək, eləcə də yeni layihələr planlaşdırılırmı?

- Əslində bizə daxil olan hər bir müraciət yeni bir layihədir və bu layihələrin gerçəkləşməsi üçün donor dəstəyinə ehtiyac duyulur. Bu baxımdan tərəfdaşlarımızın dairəsinin daim genişləndirilməsinə çalışacağıq ki, yeni layihələr icra edək, cəmiyyətin daha həssas təbəqələrinə dəstək göstərə bilək.

- “ABAD”la əməkdaşlıq bizim də maraq dairəmizdədir. AZƏRTAC xüsusən bölgələrdən “ABAD”çılar haqqında mütəmadi informasiyalar yayır, onları ictimaiyyətə tanıtdırır. “ABAD”ın fəaliyyətinin işıqlandırılması baxımından medianın rolunu necə qiymətləndirirsiniz?

- Buna görə AZƏRTAC-a xüsusi minnətdarlığımı bildirmək istərdim. Hər zaman “ABAD”ın və “ABAD”çıların yanında olursunuz, fəaliyyətlərini işıqlandırmaqla onlara stimul verirsiniz. Biz də media ilə əməkdaşlıqda maraqlıyıq. Məhz bu əməkdaşlıq sayəsində “ABAD” sosialyönümlü layihə kimi artıq yetərincə tanınır.

- Müsahibə üçün çox sağ olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.