İQTİSADİYYAT
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir VİDEO
Paris, 17 oktyabr, AZƏRTAC
Azərbaycan nümayəndə heyətinin İdarəetmə Komitəsinin ilk iclasında belə geniş tərkibdə iştirakı ölkəmizin regionlararası əməkdaşlıq formatına verdiyi önəmin təzahürüdür.
AZƏRTAC xəbər verir ki, bu fikri ölkəmizin Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin birinci iclasında Azərbaycanın İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycan Fransa ilə əməkdaşlığa böyük önəm verir. Ölkəmizlə Fransa arasında iqtisadi əlaqələr qarşılıqlı hörmət, etimad və maraq prinsiplərinə əsaslanır. İki ölkə arasında əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası mövcuddur. Azərbaycanla Fransa müxtəlif sahələr üzrə 70-dən çox sənəd imzalayıb. İkitərəfli iqtisadi əlaqələrdə əsas istiqamətlərdən olan investisiya əməkdaşlığı böyük əhəmiyyət daşıyır.
O vurğulayıb ki, Azərbaycanda sənaye, xidmət, rabitə, ticarət, maliyyə və kənd təsərrüfatı sahələrində 45 Fransa şirkəti qeydiyyatdan keçib. Fransız şirkətləri Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən layihələrdə də fəal iştirak edirlər. Bu günədək nəqliyyat infrastrukturu, energetika, meliorasiya, tullantıların idarə edilməsi, telekommunikasiya, hava nəqliyyatı, metropoliten, şəhər nəqliyyatı, neft emalı və digər sahələrdə 40-dək layihəyə Fransa şirkətləri cəlb olunub.
Ticarət sahəsində əməkdaşlığın genişləndiyini bildirən nazir müavini diqqətə çatdırıb ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və burada Fransanın rolu böyükdür. İkitərəfli əməkdaşlıq çoxşaxəlidir. Energetika, sənaye, kənd təsərrüfatı, maliyyə, turizm, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat kimi iqtisadi sahələrlə yanaşı, təhsil, elm, mədəniyyət və digər humanitar sahələrdə də əlaqələr yüksək dinamizmlə inkişaf edir: “Bu əlaqələrin daha da genişləndirilməsində regionlararası əməkdaşlıq xüsusi rola malikdir. Azərbaycanın və Fransanın dövlət başçıları tərəfindən 2014-cü il mayın 12-də Bakıda imzalanmış Birgə Bəyannamədə “Ərazi vahidləri arasında əməkdaşlıq” üzrə bölmədə hər iki ölkənin ərazi vahidləri arasında iqtisadi, mədəni və institusional əməkdaşlığın xüsusilə də qardaşlaşma çərçivəsində inkişafının dəstəklənməsi məsələsi öz əksini tapıb. Bu da öz növbəsində Azərbaycan və Fransa arasında regionlararası əməkdaşlığın inkişaf etdirilməsinə ən yüksək səviyyədə verilən qiymətin göstəricisidir”.
R.Məmmədov bildirib ki, bu günədək Azərbaycanın 14 şəhəri ilə Fransanın 12 şəhəri və 1 vilayəti arasında qardaşlıq, dostluq və əməkdaşlıq xartiyaları imzalanıb. Bu xartiyalar ölkələrimizin siyasi, iqtisadi, turizm, mədəni, təhsil, idman və digər sahələrdə maraqlarının hər iki ölkədə təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. İdarəetmə Komitəsi çərçivəsində möhkəm baza əsasında regionlararası əməkdaşlıq daha konkret tədbirlər və yeni təşəbbüslərlə zənginləşdirilməlidir. Bunun üçün bütün imkanların, xüsusilə də, güclü iradənin olmasının əhəmiyyəti diqqətə çatdırılıb.
İclasda Ermənistanın bütün beynəlxalq hüquq normalarını pozaraq Azərbaycana qarşı təcavüz nəticəsində ölkəmizin Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu, ümumilikdə ölkə ərazisinin 20 faizinin işğal edildiyi qeyd olunub. Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda səyləri yüksək qiymətləndirilib.
Lakin əməkdaşlığa mənfi təsir edən amillərdən də söz açan nazir müavini Fransanın regionlarında beynəlxalq hüquq və milli qanunvericiliyə riayət olunmasının böyük əhəmiyyət daşıdığını bildirib.
“Fransalı həmkarlarımızı beynəlxalq hüquq normalarını pozan, ölkələrimiz arasında 1993-cü ildə imzalanmış "Dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə"yə zidd olan hərəkətlərin qarşısının alınmasında təsirli tədbirlər görülməsinə çağırırıq”, - deyə R.Məmmədov qeyd edib.
O, Azərbaycan-Fransa regionlar arası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris