CƏMİYYƏT
“Ruhum - sözümdür” sənədli filminin təqdimatı keçirilib
Bakı, 22 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mətbuat Mərkəzində Sumqayıtda fəaliyyət göstərən “Dünya” Müstəqil Teleradio şirkətinin istehsal etdiyi “Ruhum - sözümdür” sənədli filminin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimi açan Azərbaycan Yazıçılar Birliyinin üzvü Hafiz İmamnəzərli əvvəlcə filmin qəhrəmanı yazıçı-dramaturq, kinossenarist, pedaqoji elmlər doktoru, professor, Bakı Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimovun həyat və elmi- bədii fəaliyyətindən danışıb.
Filmin müəllifi və rejissoru Elşən Qəni öz qəhrəmanının psixoloji portret cizgilərindən və yaradıcılıq fəlsəfəsindən söz açıb.
Sonra sənədli filmə baxış olub.
Filmin nümayişindən sonra çıxış edənlər A.Rəhimovun nəzəri-fundamental əsərlərində əks olunan parlaq zəkanın, idrakın qüdrətinin gənc nəslə, cəmiyyətə verə biləcəyi töhfələrdən danışıblar.
Ağarəhim Rəhimov xoş fikirlərə görə minnətdarlığını bildirib.
Sənədli filmin operatoru Emin Kamiloğlu, prodüsseri Hafiz İmamnəzərli, redaktoru Natiq Qubadoğlu, direktoru Əməkdar jurnalist Ramiz Hüseynovdur.