İDMAN
“Ruhun zəfəri” adlı plakat müsabiqəsinə yekun vurulub
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Ruhun zəfəri” adlı plakat müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, may ayında Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışına həsr olunmuş plakat müsabiqəsinin qalibləri bu gün Milli Paralimpiya Komitəsinin ofisində mükafatlandırılıblar.
Tədbirdə çıxış edən komitə prezidenti İlqar Rəhimov Bakıda keçiriləcək yarışın iştirakçılarının artıq bəlli olduğunu bildirib: “Turnirdə 36 ölkədən 400-ə yaxın idmançı iştirak edəcək. Biz paralimpiya komitəsi olaraq yarışa ciddi hazırlaşırıq. Yarış çərçivəsində idmançıların qalacaqları otellərdə, yarış arenasında fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət satış sərgisi təşkil ediləcək. Bundan əlavə, bu yaxınlarda “Pait Ball” yarışı keçirilib. Burada Paralimpiya Komitəsi, yarışlarda bizə dəstək olan “Bir könüllü” təşkilatı, “ASAN Radio” və Qarabağ qaziləri iştirak ediblər”.
İ.Rəhimov qeyd edib ki, “Ruhun zəfəri” adlı plakat müsabiqəsində üç nəfər qalib olub, daha üç nəfər isə həvəsləndirici mükafata layiq görülüb.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Zaur Kantemirov müsabiqənin əhəmiyyətindən danışıb.
Daha sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub. Birinci yerə Şahin Hüseynli, ikinci yerə Ağadadaş Qasımov, üçüncü yerə isə Lalə Hüseynova layiq görülüb. Üçüncü sinif şagirdi Tuqay İdrisli də daxil olmaqla üç nəfər həvəsləndirici mükafata layiq görülüb.
Xatırladaq ki, mayın 13-14-də Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışı keçiriləcək. Heydər Əliyev adına İdman Arenasında təşkil ediləcək yarış “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.