ELM VƏ TƏHSİL


Rumıniya Akademiyası müasir dövrün “Kənd dünyası” ilə bağlı maraqlı layihə həyata keçirir - Dünyanın elm təcrübəsindən

Buxarest, 23 fevral, AZƏRTAC

Rumıniya Akademiyası tərəfindən ayrılan qrant və vəsaitlər hesabına ölkədə bir çox maraqlı layihələr reallaşdırılır. Kənd təsərrüfatı yüksək inkişaf etmiş Rumıniyada bu sahəyə xüsusi diqqət ayrılır. Son illər kəndlinin torpağa bağlanması, habelə əhalinin şəhərlərə axınının qarşısını almaq üçün bir sıra proqramlar icra olunub. Bunlardan biri da Rumıniya Akademiyasının İaşi filialı tərəfindən həyata keçirilən “Müasir kənd adamının yenidən kəşfi. Rumıniya kənd şüurunu yenidən düşünmək üçün əsas kateqoriyalar” adlı layihədir. Layihənin əlaqələndiricisi İon Bruma AZƏRTAC-ın Rumıniyadakı müxbirinə bu barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə, kənd dünyası dərin böhran içərisindədir, çünki kənd icmalarında subyektivlik və intersubyektivlik artıq kənd kimliyi şüuruna bağlı deyil. Rumıniya kənd ərazisinin modernləşdirilməsi layihələrini dəstəkləmək üçün biz ölkənin kənd dünyasında müasir şüurun əsasını təşkil edən fundamental məlumatları yenidən qiymətləndirmək üçün psixi arxeologiya layihəsini (həm Mişel Fuko tərəfindən müəyyən edilmiş mənada, həm də xilasetmə müdaxilələrinin arxeoloji mənasında) təklif edirik. Emil Durkhaym və Ferdinand Tönnies XIX-XX əsrlərdən bəri kənd cəmiyyətlərinin şəhər həyat modelinə doğru hərəkət edəcəyini vurğulayırlar. Bu, XXI əsrin əvvəllərində, dünya əhalisinin 50 faizindən çoxunun şəhərlərdə yaşadığı bir vaxtda xüsusilə qabarıq nəzərə çarpır. Üstəlik, kənd mühiti təkcə landşaft deyil, həm də sakinlərin mentalitetinə təsir edən sənayeləşmə layihələri ilə təsirlənir. Bu hadisələr, xüsusən də şəhərətrafı ərazilərdə, C.Loqan kimi müəlliflərin danışdıqları kənd idilliyası adlanan yerin axtarışında ölkədə yaşamaq istəyən şəhərlilərin miqrasiyası ilə nəticələnir. Beləliklə, psixi çirklənmənin müsbət və ya mənfi hadisələri meydana çıxır ki, bu da kənd şüurunun böhranını tamamlayır.

“Rumıniyaya gəldikdə isə ölkəmizin yaxın tarixi ilə əlaqədar bəzi özəllikləri var. Əhalisinin azaldığı kəndlər, mədəniyyət mərkəzlərinin olmaması, bəzi yerlərdə zəif infrastruktur, kənd şüurunun deqradasiyası və kənd kimliyinin konseptual ərazidə yerləşməsi amilləri bu qəbildəndir. Bu layihə vasitəsilə biz kənd məkanının müasir insanın şüurunda kənd dünyası kimi necə qurulduğunu anlamağa çalışırıq. Beləliklə, antropoloji məlumatlardan və kənd yerlərində mühüm iştirakçılar ilə məsləhətləşmələrdən başlayaraq, kənd dünyasında şüurun vəziyyəti haqqında xüsusi məlumatları müəyyən etmək üçün fenomenoloji təhlil təklif edirik. Bu təhlil Rumıniyadakı müasir kənd adamı məsələsinə tətbiq olunacaq. Tədqiqat fəlsəfi, antropoloji və sosiometrik metodları birləşdirəcək. Biz tədqiqat nəticələrini əldə etdikdən sonra biliyin düzgün ötürülməsini və bu məlumatlardan istifadəsini təmin edəcəyik. Bu, həm də layihənin innovativ xarakteridir, ona görə ki, kənd dünyasının fenomenoloji təhlilinin antropoloji müşahidə yolu ilə əldə edilmiş empirik məlumatlardan başlayacağı tədqiqat bu vaxta kimi aparılmayıb”, - deyə İon Bruma bildirib.

Qeyd edək ki, Rumıniya Akademiyası 1866-cı ildə Rumıniyanın paytaxtı Buxarestdə yaradılmış mədəniyyət təşkilatıdır. Təşkilat elmi, ədəbi-bədii sahələri əhatə edir. Akademiyanın ömürlük seçilən 181 fəal üzvü var. K.A.Rosettinin təşəbbüsü ilə akademiya 1866-cı il aprelin 1-də Rumıniya Ədəbi Cəmiyyəti adı ilə yaradılıb. 1867-ci ildə Rumıniya Akademiya Cəmiyyəti, 1879-cu ildə I Karolun hakimiyyəti dövründə Rumıniya Akademiyası adlandırılıb. Nizamnaməsinə əsasən, akademiyanın əsas məqsədləri rumın dilinin və rumın ədəbiyyatının inkişafı, Rumıniyanın milli tarixinin öyrənilməsi və əsas elmi sahələr üzrə tədqiqatların aparılmasıdır. Akademiyanın fundamental layihələrindən bəziləri Rumın dili lüğəti, Rumın ədəbiyyatı lüğəti və Rumın xalqının tarixinə dair traktatdır.

Akademiyanın prezidenti akademik İoan Aurel Popdur. Rəyasət Heyəti dörd vitse-prezident və bir baş katibdən ibarətdir. Rumıniya Akademiyasının Kluj, Timişoara və İaşi şəhərlərində filialları var. Roma Papası Fransisk 2017-ci ildən bu akademiyanın fəxri üzvüdür.

Rumıniya 2007-ci ildə Avropa İttifaqına daxil olduqdan sonra Aİ ölkələri ilə müştərək elmi layihələrə xüsusi diqqət və maliyyə ayrılır.

Ölkə parlamentinin büdcə-maliyyə komitələri Rumıniya Akademiyasının 2022-ci il büdcə layihəsini müsbət qiymətləndirib. Layihəyə əsasən, akademiya 641 milyon 115 min ley (130 milyon avro) öhdəlik krediti və 583 milyon 106 min ley (120 milyon avro) büdcə krediti ayırıb. Bundan əlavə, Rumıniya Akademiyasının nümayəndəsi parlament komissiyalarının iclasında informatika, biotexnologiya və nevrologiya, neyroinformatika sahələri üzrə yeni tədqiqatçıların işə götürülməsi üçün əlavə vəsait ayrılması məsələsini qaldırıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.