SİYASƏT
Rumıniya Azərbaycan ilə enerji sahəsində daha sıx əməkdaşlıqda maraqlıdır
Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələləri, o cümlədən “Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector” (AGRI) layihəsi ilə bağlı müzakirələr aparılıb.
Razvan Nikolesku ölkəsinin Azərbaycan ilə enerji sahəsində daha sıx əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Rumıniya arasındakı münasibətlərin mövcud vəziyyətini yüksək qiymətləndirib və enerji təminatı üçün alternativ imkanların olmasının hər iki ölkənin maraqlarına cavab verdiyini qeyd edib.
Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verən Elmar Məmmədyarov bu ilin sentyabr ayında “Əsrin müqaviləsi”nin 20 illiyinin qeyd olunacağını və bu münasibətlə Bakıda təşkil ediləcək tədbirlər çərçivəsində TANAP layihəsinin təməlqoyma mərasiminin keçiriləcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest