DÜNYA


Rumıniya Prezidenti 45 ildən sonra ilk dəfə İtaliyaya rəsmi səfər edəcək

Buxarest, 13 oktyabr, AZƏRTAC

Rumıniya Prezidenti Klaus Yohannis oktyabrın 14-dən 17-dək İtaliyada rəsmi səfərdə olacaq. Bu, Rumıniya dövlət başçısının İtaliyaya 45 ildən sonra birinci rəsmi səfəridir. Səfər iki ölkə arasında əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə çatmasının on illiyinə təsadüf edir.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, səfər çərçivəsində Klaus Yohannis İtaliya Prezidenti Sercio Mattarella, Baş nazir Cüzeppe Konti, Senatın sədri Maria Elizabetta Alberti Kasellati və Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşlər keçirəcək. Eyni zamanda, Prezident İtaliya-Rumıniya biznes forumunda da iştirak edəcək. Forumda iki ölkə arasında işgüzar münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılacaq. Rumıniya dövlət başçısının Roma şəhərinin meri Vircinia Raqqi və İtaliyadakı rumın icması ilə görüşü planlaşdırılır.

Səfərlə əlaqədar oktyabrın 14-də Romanın ən qədim tarixi abidələrindən sayılan Trayan sütunu Rumıniya bayrağının rəngində işıqlandırılacaq.

Qeyd edək ki, İtaliya Almaniyadan sonra Rumıniyanın ən böyük ticarət tərəfdaşıdır. 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 14,6 milyard avro olub. Bu rəqəmin cari ildə 15,5 milyard avro təşkil edəcəyi proqnozlaşdırılır. İtaliya sərmayəçiləri Rumıniyada ən fəal iş adamlarıdır. Ölkədə qeydiyyatda olan şirkətlərin çoxu məhz italiyalı iş adamlarına məxsusdur.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.