İQTİSADİYYAT
Rumıniya artan təbii qaz tələbatının Azərbaycan resursları hesabına ödənilməsində maraqlıdır
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasında iştirak etmək üçün Bakıda səfərdə olan Rumıniyanın İqtisadiyyat, Energetika və Biznes Mühiti nazirinin müavini Nikulae Havriletin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Rumıniyanın “Transgaz S.A” şirkətinin rəhbərliyi, müxtəlif dövlət qurumlarının rəsmi nümayəndələri və bu ölkənin Azərbaycandakı səfiri iştirak ediblər.
Görüşdə Azərbaycan qazının yaxın zamanlarda Cənub Qaz Dəhlizi vasitəsilə ilk dəfə Avropa bazarlarına çatdırılacağı vurğulanıb, qazın interkonnektorlar vasitəsilə Rumıniya bazarına nəqli məsələsi müzakirə olunub. Qonaqlar gələcəkdə Rumıniyanın təbii qaza tələbatının artacağını və həmin tələbatın təmin olunması məqsədilə Azərbaycandan və başqa ölkələrdən əlavə qaz həcmlərinin cəlb edilməsində maraqlı olduqlarını bildiriblər. Azərbaycan qazının “BRUA” kəməri ilə Rumıniya üzərindən keçməklə Bolqarıstandan Avstriyaya qədər Avropanın müxtəlif qaz bazarlarına daşınması perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Rumıniyanın Milli Qaz Ötürücü Şirkəti “Transgaz S.A.” Rumıniya hökuməti tərəfindən 2000-ci ildə yaradılıb və ticarət səhmdar cəmiyyəti olaraq fəaliyyət göstərir. Əsas fəaliyyəti yerli və beynəlxalq tranzit və təbii qaz dispetçerliyindən ibarətdir.
2019-cu ilin oktyabrında SOCAR Rumıniyanın digəri şirkəti “S.N.G.N. Romgaz S.A.” ilə geoloji kəşfiyyat və hasilat sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. Rumıniyanın ən böyük təbii qaz istehsalçısı və əsas qaz təchizatçısı “S.N.G.N. Romgaz” şirkətinin aktivlərinin 70 faizi dövlətə məxsusdur. “Romgaz” təbii qazın kəşfiyyatı, hasilatı, saxlanması və marketinqi ilə məşğuldur.
Hazırda SOCAR Rumıniya bazarında yanacaqdoldurma məntəqələrinin operatoru olan “SOCAR Petroleum SA” şirkəti ilə təmsil olunur. SOCAR-ın 2011-ci ildə təsis edilmiş bu törəmə şirkəti hazırda Ruminiyada “SOCAR” brendi ilə 40-dan çox premium səviyyəli yanacaqdoldurma məntəqəsinə malikdir.