İQTİSADİYYAT
Rumıniya şirkəti Azərbaycanda yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Buxarest, 31 mart, AZƏRTAC
Prezident İlham Əliyevin Azərbaycanda koronavirus COVID-19 pandemiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən xarici şirkətlər də qoşulur.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın “Uni-Recycling SRL” şirkətinin sahibi Kornel Varvara Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərman ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min avro köçürüb, eləcə də xəstələrin müayinəsi və həkimlərin qorunması üçün yüksək dəyərli tibb avadanlıqları göndərərək ölkə rəhbərinin çağırışına qoşulub. Eyni zamanda, K.Varvara rumın iş adamlarına çağırış edərək Azərbaycan və bütün dünyada tüğyan edən koronavirus infeksiyasına qarşı birgə mübarizədə səyləri birləşdirməyin vacibliyini bildirib.
Qeyd edək ki, 2005-ci ildən yaradılan şirkət dünyanın bir sıra ölkələrində neft və neft-kimya məhsullarından çirklənmiş ərazilərin təmizlənməsi, ekoloji və ətraf mühitin mühafizəsi sahəsində bir çox layihələri həyata keçirir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest