DÜNYA


Rumıniyada “BİAS-2018” aviaşousu 13 ölkədən 100-ə yaxın pilot və paraşütçünü bir araya gətirib

Buxarest, 30 iyul, AZƏRTAC

Rumıniyanın paytaxtı Buxarestdəki Aurel Vlayku adına Baneasa Beynəlxalq Aeroportunda “BİAS-2018” (Bucharest İnternational Air Show) aviaşousu və aviatexnika istehsalçılarının “General Aviation Exhibition” sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, Rumıniyada “Böyük Birlik”in 100 illiyinə həsr olunan builki aviaşou “BİAS-2018” ölkənin Nəqliyyat, Müdafiə və İqtisadiyyat nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutub.

Sayca 10-cu dəfə keçirilən tədbirdə çərçivəsində Rumıniya da daxil olmaqla, Türkiyə, İspaniya, ABŞ, Polşa, Macarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Avstriya, İtaliya, Litva və Çexiya hərbi hava qüvvələrini təmsil edən pilotlar heyranedici hava manevrləri göstərməklə tamaşaçıların alqışlarını qazanıblar.

Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk Ulduzları" aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri də aviaşouda maraqlı şou göstəriblər.

Ümumilikdə aviaşou 13 ölkədən 100-ə yaxın pilot və paraşütçünü bir araya gətirib. Şou ərzində 150-dən çox mülki və hərbi təyyarələr nümunəvi uçuşları ilə yadda qalıb.

Baneasa Beynəlxalq Aeroportunda həmçinin aviatexnika istehsalçılarının “General Aviation Exhibition” sərgisi də təşkil olunub. Sərgidə Rumıniyanın aviasiya tarixinə həsr olunan stendlər, eləcə də ölkə üzrə fəaliyyət göstərən aviasiya məktəblərinin stendləri də yer alıb. Son illər aviasiya sahəsində əldə olunan yeniliklər də sərgi iştirakçılarının diqqətinə təqdim olunub.

“BİAS-2018” aviaşousu atəşfəşanlıqla başa çatıb.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.