İQTİSADİYYAT
Rumıniyada SOCAR-ın 38-ci yanacaqdoldurma məntəqəsi açıldı
Buxarest, 18 iyul, AZƏRTAC
SOCAR Rumıniyada növbəti yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.
AZƏRTAC xəbər verir ki, yeni məntəqə ölkənin qərbindəki Timiş rayonunda, Rumıniya ilə Macarıstanı birləşdirən magistral yolun üzərində yerləşir. Bununla da, sözügedən rayonda “SOCAR” brendi altında 2-ci, Rumıniya üzrə isə ümumilikdə 38-ci yanacaqdoldurma məntəqəsi müştərilərin ixtiyarına verildi.
Məntəqədə 3 sayğac quraşdırılıb, 4 kiçik və 2 iri tutumlu nəqliyyat vasitəsinin eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Bununla yanaşı, məntəqədən, həmçinin elektrik və qazla (LNG) işləyən nəqliyyat vasitələri sürücüləri də istifadə edə biləcəklər. Bu nəqliyyat vasitələri üçün də YDM-də lazımi avadanlıqlar quraşdırılıb. Xatırladaq ki, elektromobillərin enerji ilə təminatı Rumıniya ərazisində ilk dəfə olaraq məhz “SOCAR” məntəqələrində həyata keçirilir.
Müştərilərə YDM-dəki “Nar” kafedə yerli və Azərbaycan məhsulları, həmçinin 24 saat pulsuz internet xidməti təqdim olunur. Məntəqədə, ümumilikdə 14 yeni iş yeri açılıb.
Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 18 rayonunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş, Buxarest və Braşovda yanacaqdoldurma məntəqələrinə malikdir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bexarest