İQTİSADİYYAT


Rumıniyada SOCAR-ın 66-cı yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Bakı, 28 oktyabr, AZƏRTAC

SOCAR-ın Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsi fəaliyyətə (YDM) başlayıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, “SOCAR" brendli yeni yanacaqdoldurma məntəqəsi Rumıniyanın şimalında, ölkənin Ukrayna və Moldova ilə sərhədindəki Suceava regionundadır. Sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən 7-ci, ümumilikdə isə Rumıniya ərazisində istifadəyə verilmiş 66-cı “SOCAR” brendli YDM-dir.

Yeni məntəqədə quraşdırılmış 3 sayğac eyni anda 4 kiçik və 2 böyük avtonəqliyyat vasitələrinin yanacaqla təmin olunmasına imkan verir. Məntəqədə “NANO 95” və “NANO 98” (benzin), “NANO Dizel” və “NANO Super Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Bundan başqa YDM maye qaz (LPG) və “Adblue” (dizel mühərriklərinin iş prosesi zamanı atmosferə atılan zərərli azot oksidinin azaldılması məqsədilə istifadə olunur) yanacaqları ilə də təchiz edilib. Məntəqədə 2 avtoyuma və elektromobillər üçün şarj aparatı da quraşdırılıb. Digər YDM-də olduğu kimi SOCAR müştəriləri və qonaqlar bu məntəqədə də təkərlərin doldurulması, internet, telefonların enerji ilə doldurulması kimi pulsuz xidmətlərdən istifadə edə bilərlər.

Məntəqədəki “Nar” kafedə yerli və Azərbaycandan gətirilmiş məhsulların satışı həyata keçirilir. SOCAR-ın Rumıniyadakı bütün məntəqələrində “Azərbaycan guşəsi” yaradılıb. Eləcə də məntəqələrdə quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində videoçarxlar da nümayiş olunur.

Hazırda SOCAR Rumıniyanın 26 regionunda 66 “SOCAR” brendli yanacaqdoldurma məntəqəsinə malikdir. Şirkət tərəfindən qəbul edilən strateji plana uyğun olaraq qarşıdakı illərdə də SOCAR Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edəcək.

Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsilə həyata keçirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.