ELM VƏ TƏHSİL
Rumıniyada təqaüd proqramı
Bakı, 5 fevral, AZƏRTAC
Rumıniya Xarici İşlər Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsilin bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, proqrama əsasən, memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq üzrə təqaüdlər təklif olunur.
Təqaüd proqramının tədris dili rumın dilidir. Təhsil haqqı, yataqxana xərcləri, aylıq təqaüd Rumıniya tərəfindən ödəniləcək.
Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları https://www.mae.ro/en/node/10251 səhifəsində göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri fevralın 15-dən 22-dək təqdim etməlidirlər.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür. Elan Təhsil Nazirliyinin saytında verilib.