SİYASƏT


Rumıniyadakı Azərbaycan diasporu Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi ədalətsiz qərarın dərhal ləğv olunmasını tələb edir

Bakı, 17 yanvar (AZƏRTAC). Rumıniyada nəşr olunan türkdilli “Həyat” qəzetində “Azərbaycandan Fransaya sərt təpki” sərlövhəli məqalə dərc olunmuşdur.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, məqalədə Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı”nı inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsinə Azərbaycan diasporunun kəskin etirazından bəhs olunur.

Yazıda vurğulanmışdır ki, Azərbaycan dövləti ilə yanaşı, diaspor da Fransa Milli Assambleyasının qərarına qarşı etiraz etmişdir. Fransa, İtaliya, Almaniya və digər ölkələrdə olduğu kimi Rumıniyada yaşayan azərbaycanlılar da bu ədalətsiz qanuna sərt reaksiya vermişdir. Qeyd olunmuşdur ki, Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Təşkilatı Fransanın parlamenti və bu ölkənin Rumıniyadakı səfirinə etiraz müraciətləri ünvanlamışdır. Müraciətlərdə vurğulanmışdır ki, bu qanun insan haqlarını və söz azadlığını kobud surətdə pozur.

Məqalənin müəllifi təşkilatın etiraz müraciətinin mətnlərinə istinadla bildirir ki, bu qərar regionda əmin-amanlığa xidmət etmir və Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk qrupunun həmsədri kimi ədalətli və obyektiv vasitəçi missiyasını sual altına qoyur. Müraciətdə Fransanın 20 ildir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməməsi, əvəzində isə saxta dəlillərə əsaslanaraq, təsdiqini tapmamış qondarma “erməni soyqırımı” ilə bağlı qanun qəbul etməsi şiddətlə pislənmişdir.

Rumıniyadakı Azərbaycan diasporu Fransa Milli Assambleyasının heç bir fakta əsaslanmayan və İnsan haqlarına dair Konvensiyaya zidd olan qərarın dərhal ləğv olunmasını tələb edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.