SİYASƏT
Rumıniyanın “AGERPRES” agentliyi Azərbaycanın xarici siyasəti haqqında məqalə yayıb
Buxarest, 19 oktyabr, AZƏRTAC
Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfirliyinin məlumat dəstəyi ilə ölkəmizin xarici siyasət strategiyası barədə məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın 1918-ci il 28 maydan başlayaraq 1991-ci il 18 oktyabradək olan dövrə kimi tarixi təhlil edilir. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın daxili və xarici siyasətində baş verən sıçrayış vurğulanır, iqtisadiyyatın sürətlə inkişaf etdiyi diqqətə çatdırılır. Həmçinin Prezident İlham Əliyevin həmin siyasətin davamçısı olaraq bu istiqamətdə gördüyü işlər qeyd olunur.
Yazıda Azərbaycanın xarici siyasətinin əsas aspektləri, TANAP və TAP layihələrinin önəmi oxucuların diqqətinə çatdırılır. Xarici siyasətin prioritet məsələsi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən bəhs olunur. Müəllif Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi barədə məlumat verir. Bundan başqa, Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən NATO, Avropa İttifaqı ilə əməkdaşlığından bəhs edilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest