QAN YADDAŞI
Rumıniyanın “AMOSNEWS” agentliyi AZƏRTAC-ın xüsusi müxbirinin Xocalı soyqırımı ilə bağlı məqaləsini yayıb
Buxarest, 20 fevral, AZƏRTAC
Rumıniyanın nüfuzlu “AMOSNEWS” xəbər agentliyi AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin rumın dilində “Xocalı soyqırımı” sərlövhəli məqaləsini yayıb.
Məqalədə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğu qeyd edilir, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələri diqqətə çatdırılır, bu soyqırımının insanlığa sığmayan hərəkət olduğu vurğulanır.
Məqalədə Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşən Xocalıya ermənilərin göstərdiyi marağın şəhərin mühüm strateji mövqeyə malik olmasından irəli gəldiyi bildirilir. Qeyd edilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri sovet ordusunun 366-cı motoatıcı alayının silahlı texnikasının köməyi ilə Xocalıda dinc azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törədib.
Qanlı qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.
Müəllif Xocalı soyqırımının əsl mahiyyətinin açıqlanmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edir, 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini bildirir. Məqalədə vurğulanır ki, Xocalı soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.