CƏMİYYƏT


Rumıniyanın Azərbaycandakı səfirinə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verilib

Bakı, 2 dekabr, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soare ilə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir V.Soareni yeni vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə görəcəyi işlərdə uğurlar arzulayıb. O, həmçinin Rumıniyanın milli bayramı – Birlik Günü münasibətilə təbriklərini ifadə edib.

S.Babayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin Ermənistanın işğalından azad edildiyini vurğulayıb. Həmin ərazilərdə böyük quruculuq işlərinin aparıldığını qeyd edib.

Nazir Azərbaycan və Rumıniya dövlət başçılarının qarşılıqlı səfərlərinin, imzaladıqları əməkdaşlıq sənədlərinin iki ölkə arasında əlaqələrin inkişafına şərait yaratdığını vurğulayıb. Ötən dövrdə Azərbaycanla Rumıniya arasında 60-dan çox əməkdaşlıq sənədinin imzalandığını deyən S.Babayev iki ölkə arasında strateji tərəfdaşlıq əsasında əlaqələrin ildən-ilə genişləndiyini bildirib.

O, 2021-ci ilin yanvar-oktyabr aylarında da ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsinin 52,21 faiz artdığını qeyd edib.

Ölkəmizdə Rumıniya şirkətlərinin uğurlu fəaliyyətini diqqətə çatdırılıb. Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətindən bəhs olunub. Səfirə ölkəmizdə aparılan sosial islahatlar barədə də məlumat verilib.

V.Soare ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu, iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olmasının məmnunluq doğurduğunu deyib. Diplomatik fəaliyyəti dövründə ikitərəfli əməkdaşlığın inkişafı üçün səylər göstərəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan və Rumıniya əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişafına, Müştərək Komissiyanın fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.