ELM VƏ TƏHSİL
Rumıniyanın Babeş-Bolyay Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılacaq
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Dillər Universiteti (ADU) ilə Rumıniyanın Babeş-Bolyay Universiteti (BBU) arasında protokol imzalanıb. Sənədin imzalanmasının məqsədi iki ölkə arasındakı əlaqələri möhkəmləndirmək üçün qarşılıqlı anlaşmanı artırmaq, əməkdaşlığı, mədəni və akademik öhdəlikləri gücləndirmək, Türkologiya İnstitutunun dəstəyi ilə BBU-da Azərbaycan dili və mədəniyyəti mərkəzini açmaq, müəyyənləşdirilmiş prinsiplər, eləcə də qarşılıqlı öhdəliklər çərçivəsində birgə fəaliyyəti genişləndirməkdir. Protokolda ADU-nun BBU-da keçiriləcək Azərbaycan dili kurslarına azərbaycanlı təlimçilərin təyin olunmasına üstünlük verəcəyi, həmin universitetdə müvafiq təhsil və mədəni kontekstdə fəaliyyət göstərən Türkologiya İnstitutunun daxilində yaradılacaq mərkəzin bütün zəruri təlim materiallarının ADU tərəfindən təmini və digər mühüm məsələlər nəzərdə tutulub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, bununla bağlı fevralın 22-də universitetdə keçirilən tədbirdə bu ali təhsil ocağının rektoru, akademik Kamal Abdulla BBU-da Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması üçün göstərdiyi səylərə görə Rumıniyanın ölkəmizdəki səfiri Dan İankuya minnətdarlığını ifadə edib. O, səfiri ADU-da tələbələr qarşısında çıxış edən müəllim kimi görəcəyinə ümidvar olduğunu bildirib.
ADU-da rumıniyaşünaslıq ixtisasının tədris olunacağı barədə məlumat verən rektor qeyd edib ki, bu ixtisas üzrə hər il 15-dək tələbə təhsil alacaq. Rumıniya universitetlərindən birində Azərbaycan multikulturalizmi fənninin tədris olunmasını təklif edən K.Abdulla bu ölkədə respublikamızı sevənlərin sayının artırılmasının vacibliyindən danışıb.
D.İankunun Azərbaycan və Rumıniya mərkəzlərinin bir gündə açılması təklifi müsbət qarşılanıb.