DÜNYA
Rumıniyanın Baş naziri: Avropa İttifaqı ikili standartlar nümayiş etdirir
Buxarest, 5 fevral, AZƏRTAC
Qərbi Avropa liderləri korrupsiya və etirazların qarşısının alınmasında ikili standartlar nümayiş etdirirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rumıniyanın Baş naziri Viorika Dançila söyləyib.
Rumıniyanın hökumət başçısı Avropanın qərb hissəsində də korrupsiyanın olmasına baxmayaraq, bütün diqqətin Avropanın şərq ölkələrinə yönəldiyini deyib. V.Dançila Fransada qarşıdurma ilə bağlı Avropa liderlərinin etirazlarını bildirməməsini təəccüblə qarşıladığını söyləyib. O bildirib ki, “Avropa Parlamentində hələ elə birisini görməyib ki, Fransada inqilabın olmasını istədiyini bəyan etsin”.
Qeyd edək ki, bir müddət öncə Avropa Komissiyası və Avropa Parlamenti Rumıniyanı Polşa və Macarıstan misalında “qeyri-liberal” yol tutduğunu, etirazların sərt şəkildə qarşısının alındığını və korrupsiya ilə mübarizənin dayandırılması ilə bağlı tənqid edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest