CƏMİYYƏT


Rumıniyanın dövlət katibi Azərbaycandakı dini vəziyyət barədə məlumatlandırılıb

Bakı, 11 may, AZƏRTAC

Mayın 11-də Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Viktor Opaskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Rumıniya nümayəndə heyəti Azərbaycandakı dini vəziyyət, ölkəmizdə hökm sürən multikultural və tolerant vəziyyət barədə məlumatlandırılıb.

Siyavuş Novruzov bildirib ki, Azərbaycan dünyada tolerantlığın mərkəzi olan dövlətlərdən biridir. Azərbaycanda bütün dinlərə hörmət olunur və onların nümayəndələrinin hüquqları bərabər şəkildə qorunur. Ölkəmizdə dinlə bağlı qurumlar fəaliyyət göstərir. Buna nümunə olaraq Qafqaz Müsəlmanları İdarəsini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini və Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsini qeyd etmək olar. Ölkəmizdə din-dövlət münasibətlərini Azərbaycan Respublikasının Konstitusiyası müəyyən edir. Azərbaycanda 1995-ci ildə Konstitusiya qəbul olunarkən burada hər kəsin inancına hörmətlə yanaşılması məsələsi öz əksini tapıb. Azərbaycanda “Dini etiqad azadlığı” haqqında Qanun qəbul olunub. Ölkəmizdə qanunla qadağan olunmamış bütün dinlərə bərabər şərait yaradılır. Burada 2500-dən artıq məscid, 15-ə yaxın kilsə, sinaqoq və udin kilsəsi, həmçinin erməni kilsəsi də fəaliyyət göstərir. Səkkiz yüzdən artıq icma qeydiyyatdan keçib ki, bunlar da müxtəlif dinləri təmsil edir. Bu, ölkəmizdə bütün dinlərə bərabər şərait yaradıldığının bariz nümunəsidir. Azərbaycanda dinlər arasında çox böyük qarşılıqlı etimad var. Heç bir dinə qarşı ayrı-seçkilik yoxdur. Azərbaycanda tez-tez dinlərarası forumlar keçirilir. Burada bütün mədəniyyətlərin, həmçinin dinlərin bir-birinə yaxınlaşması, tolerantlıq əsas məsələlərdən biridir.

Dövlət katibi Viktor Opaski Azərbaycanda keçirdiyi görüşlərdən məmnun qaldığını bildirib. Qonaq dinlər arasında əməkdaşlığın əhəmiyyətli olduğunu söyləyib. O, ölkəsindəki dini vəziyyət, dövlət və din münasibətləri barədə məlumat verib. Bildirib ki, Rumıniya bir çox etnik azlıqların yaşadığı ölkədir. Həmin etnik azlıqların nümayəndələri Rumıniya parlamentində təmsil olunurlar.

Görüş zamanı qarşılıqlı informasiya mübadiləsindən sonra əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.