ELM VƏ TƏHSİL


“Rus dili xarici dil kimi” beynəlxalq olimpiadalarında azərbaycanlı qaliblərin sayı artıb

Bakı, 26 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) 2020-ci ildən başlayaraq beynəlxalq tərəfdaşı olan Sankt-Peterburq Dövlət Universitetinin təşkil etdiyi “Rus dili xarici dil kimi” beynəlxalq olimpiadasının ölkədə təbliğinə və qalib olan azərbaycanlı iştirakçıların mükafatlandırılmasına dəstək verir.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, DİM ilə Sankt-Peterburq Dövlət Universiteti (SPDU) arasında 2020-ci ilin əvvəlindən başlayan əməkdaşlıq davam edir və artıq öz müsbət nəticələrini verir.

2020-ci il noyabrın 5-dən dekabrın 13-dək Rusiyanın ən qədim universiteti olan Sankt-Peterburq Dövlət Universiteti ilə Rusiya Federasiyasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı əsasında “Rus dili xarici dil kimi” beynəlxalq olimpiada keçirilib. Rus dili üzrə bilik yarışlarına və tədbirlərə marağın artırılması istiqamətində təşkil edilən bu olimpiadaya 12-30 yaşarası, Rusiya Federasiyasının vətəndaşı olmayan və rus dili üzrə öz biliklərini yoxlamaq istəyən şəxslər qatılıblar.

Olimpiadada dünyanın 147 ölkəsindən 9 min 549 nəfər (o cümlədən Azərbaycandan 293 nəfər) iştirak edib. İştirakçılardan 945 nəfər (o cümlədən Azərbaycandan 38 nəfər) uğur qazanaraq müxtəlif diplom, xatirə mükafatları, rus dili dərslikləri və “Rus dili xarici dil kimi” dövlət imtahanına ödənişsiz vauçer əldə ediblər.

Qeyd edək ki, olimpiadada uğur qazanmış namizədlərə təqdim edilmiş vauçerləri DİM-də təşkil edilən “Rus dili xarici dil kimi” dövlət imtahanı zamanı istifadə etmək mümkündür.

2019-cu illə müqayisədə “Rus dili xarici dil kimi” mövzusunda keçirilən olimpiadalarda Azərbaycandan olan iştirakçıların sayı və uğurlarına dair statistika ilə DİM-in saytındakı qrafiklərdən tanış olmaq mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.