CƏMİYYƏT
Rus icmasının nümayəndələri üçün pulsuz göz müayinələri aparılıb
Bakı, 29 mart, AZƏRTAC
“Azercell Telekom”un sosial layihələrindən biri olan - kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə xidmət göstərən Mobil Göz Klinikasının həkimləri Bakının Mərdəkan və Pirallahı qəsəbələrində yaşayan Rus icmasının nümayəndələri üçün pulsuz müayinələr aparıblar.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, müayinədən 99 nəfər keçib ki, onların 33 nəfərinə eynək yazılıb, 15 nəfərə isə müalicə təyin olunub.
Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə "Caspian Compassion Project" təşkilatı tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərində, uşaq evlərində, o cümlədən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində, SOS Uşaq Kəndində, Ağcabədidə fəaliyyət göstərən "Günərzi" qayğı mərkəzində olublar. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də müayinə və müalicə tədbirləri aparıblar.