REGİONLAR
Rus icmasının üzvü: Ermənistan tərəfindən Gəncənin dinc sakinlərinə qarşı hücum əsl terrordur VİDEO
Gəncə, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də gecə Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş terror aktının qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində ibadət mərasimi keçirilib.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, ibadət etmək üçün kilsəyə gələn Gəncədəki rus icmasının üzvü Tatyana Alekseyeva açıqlamasında deyib: “Ən böyük arzum odur ki, bu müharibə tezliklə qurtarsın, vətəndaşlarımız əvvəlki həyat tərzinə qayıda bilsinlər. Biz hamımız sülh istəyirik. Ermənistan tərəfindən Gəncənin dinc sakinlərinə qarşı törədilmiş hərəkətlər əsl terrordur. Yuxuda olan insanları belə amansızlıqla öldürmək böyük günahdır. Ermənistan işğalçıdır, erməni təcavüzünü dayandırmaq lazımdır”.
Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb.
Ermənistan tərəfinin xahişi ilə oktyabrın 9-da Moskvada Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin görüşü keçirilib. On bir saat davam edən görüşün yekunlarında nazirlərin birgə bəyanatı qəbul edilib. Tərəflər oktyabrın 10-da saat 12.00-dan etibarən humanitar məqsədlərlə atəşkəs elan olunması barədə razılığa gəlsələr də, Ermənistan bu razılaşmanı kobud şəkildə pozaraq, oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncədə dinc əhalinin sıx məskunlaşdığı məntəqəyə “Skad” tipli (“Elbrus”) ballistik raket atıb. Nəticədə 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.