İDMAN


“Rusiya 2018”: Braziliya millisi dörddəbir final mərhələsində Belçika yığması ilə qarşılaşacaq

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 2-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsində Belçika-Yaponiya oyunu baş tutub.

AZƏRTAC xəbər verir ki, “Rostov Arena” stadionunda keçirilən görüşdə ilk dəqiqələrdən hər iki komandanın fəallıq nümayiş etdirməsinə baxmayaraq, hesab açılmayıb.

Fasilədən sonra oyunun 48-ci dəqiqəsində yaponiyalıların yarımmüdafiəçisi Sibasakinin meydanın mərkəzindən ötürməsi Xaraqutinı qapıçı ilə təkbətək mübarizəyə çıxarıb. Xaraquti fürsəti əldən verməyib - 0:1. Qoldan sonra hücumlarını artıran Yaponiya millisi qarşılaşmanın 52-ci dəqiqəsində hesabı artırıb. İnui uzaq məsafədən baxımlı qola imza atıb -0:2.

Oyunun 69-cu dəqiqəsində künc zərbəsindən sonra Yan Vertonqen dəqiq baş zərbəsi ilə hesab arasındakı fərqi azaldıb - 1:2. Matçın 74-cü dəqiqəsində Maruan Fellaini hesaba tarazlıq gətirib - 2:2.

Oyunda dönüş yaradan belçikalılar oyunun əsas vaxtına əlavə olunmuş üçüncü dəqiqədə qələbə topunu vurmağa nail olublar. Çox gedişli ötürmələrdən sonra Naser Şadli dəqiq zərbə ilə tamamlayıb - 3:2. Beləliklə, Belçika millisi dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, çempionatın favoritlərindən sayılan “qırmızı şeytanlar” “G” qrupundakı görüşlərində Panamaya 3:0, Tunisə 5:2, İngiltərəyə 1:0 hesabı ilə qalib gələrək, 9 xalla birinci yeri tutub. Yaponiya “H” qrupundakı qarşılaşmalarında Kolumbiyanı 2:1 hesabı ilə yendikdən sonra Seneqalla heç-heçə edib - 2:2. Son oyunda isə asiyalılar Polşaya 0:1 hesabı ilə uduzublar. Beləliklə, “gündoğar ölkə” komandası dörd xal toplayıb və eyni xala malik Seneqalı sarı vərəqələrinin azlığı səbəbindən üstələyərək, 2-ci yeri tutub. Qrup liderliyinə isə 6 xalla Kolumbiya yiyələnib.

Heyətindəki futbolçuların qiymətinə görə çempionatın ən bahalı komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.

Yaponiya yığması isə bundan əvvəl üç dəfə mundiallarda çıxış etmək hüququ qazanıb.

“Gündoğar ölkə” təmsilçilərinin ən uğurlu çıxışı 2002-ci ildə Koreya Respublikası ilə birgə ev sahibliyi etdikləri dünya çempionatında olub. Həmin mundialda qrup birincisi kimi səkkizdəbir finala yüksələn yaponiyalılar Türkiyə millisinə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.

Xatırladaq ki, futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsinə iyulun 3-də İsveç-İsveçrə və İngiltərə-Kolumbiya matçları ilə yekun vurulacaq.

Dörddəbir finala altı vəsiqənin sahibi müəyyənləşib. Portuqaliya millisinə 2:1 hesabı ilə qalib gələn Uruqvay yığması, Argentinanı 4:3 hesabı ilə məğlub edən Fransa komandası növbəti mərhələyə adlayıblar. Həmçinin play-off mərhələsinin ən gözlənilməz hesabı ev sahibi Rusiya və İspaniya millisi arasında qeydə alınıb. Oyunun əsas vaxtı və əlavə olunmuş dəqiqələri 1:1 hesabı ilə başa çatsa da, 11 metrlik cərimə zərbələrində ruslar dəqiq olublar - 4:3. Həmçinin Xorvatiya-Danimarka oyununda da əsas vaxtda qalib müəyyənləşməyib. On bir metrlik cərimə zərbələrində Xorvatiya millisi dörddəbir final mərhələsinə vəsiqə qazanıb (3:2). Dörddəbir final mərhələsində Uruqvay millisi Fransa yığması ilə, Rusiya isə Xorvatiya ilə qarşılaşacaq. Braziliya millisi isə Belçika yığması ilə qarşılaşacaq.

Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.