İDMAN
“Rusiya 2018”: Dörddəbir finala növbəti vəsiqəni İsveç, yoxsa İsveçrə qazanacaq?
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin sonuncu gününün ilk oyununda İsveç və İsveçrə milliləri qarşılaşırlar.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqda oynanılan görüşdə İsveç millisinin heyətində meydana Robin Ulsen, Mikayel Lustinq, Viktor Lindelef, Andreas Qrakvist, Lustinq Auqustinsson, Albin Ekdal, Markus Berk, Emil Forsberq, Qustav Svensson, Viktor Klasson və Yula Toyvonen çıxıblar.
İsveçrə millisinin start heyətində isə Yan Zommer, Manuyel Anaknji, Mikayel Lanq, Qranit Jaka, Valon Bexrami, Blerim Djemaili, Rikardo rodriqez, Stiven Cuber, Yosif Drmiç, Yoxan Dcuru, Djerdan Şakiri yer alıblar.
Görüşü sloveniyalı Damir Skomina idarə edir.
İsveç “F” qrupunda Meksika, Almaniya və Cənubi Koreya yığmaları ilə mübarizə aparıb. Komanda qrupun ilk matçında Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub etsə də, ikinci turda Almaniyaya 1:2 hesabı ilə uduzub. Skandinaviya təmsilçisi sonuncu turda Meksikanı 3:0 hesabı ilə məğlub edərək qrup birincisi kimi səkkizdəbir finala vəsiqə qazanıb.
“E” qrupunda yer alan İsveçrə isə ilk turda Braziliya ilə 1:1 hesablı heç-heçə edib. Komanda ikinci turda Serbiyanı 2:1 hesabı ilə məğlub etsə də, sonuncu görüşdə Kosta-Rikanın müqavimətini qıra bilməyib - 2:2.
İsveç və İsveçrə yığmaları indiyədək beş dəfə qarşılaşıblar. Bu görüşlərin üçündə İsveç millisi, iki oyunda isə İsveçrə yığması qalib gəlib.
Qeyd edək ki, isveçrəlilərin dünya çempionatlarında debütü 1934-cü ildə olub. Onlar mundialda on birinci dəfədir ki, iştirak edirlər və ən yaxşı nəticəni 1934-cü, 1938-ci və 1954-cü illərdə göstərərək dörddəbir final mərhələsinə vəsiqə qazanıblar.
İsveç millisi isə 1958-ci ildə VI dünya çempionatına ev sahibliyi edib. İndiyədək 11 mundialda iştirak edən İsveç bir dəfə ikinci (1958-ci il), iki dəfə üçüncü yeri tutub (1950-ci il, 1994-cü il). Milli komandanın tarixində ən çox qol vuran oyunçu Zlatan İbrahimoviç (116 oyunda 62 qol), ən çox oyun keçirən futbolçu isə Anders Svenssondur (148 oyun).
XXI dünya çempionatının səkkizdəbir final mərhələsinə İngiltərə-Kolumbiya matçı ilə yekun vurulacaq. Bakı vaxtı ilə saat 22:00-da Moskvadakı “Spartak” stadionunda start götürəcək matçda səkkizdəbir finala sonuncu vəsiqənin sahibi müəyyənləşəcək.
Xatırladaq ki, səkkizdəbir final mərhələsinin ilk oyununda Fransa millisi argentinalıları məğlub edib (4:3), Uruqvay isə Portuqaliya yığmasından üstün olub (2:1). Bu mərhələnin ən gözlənilməz nəticəsi ev sahibi Rusiyanın İspaniya millisini mübarizədən kənarlaşdırması olub. Oyunun əsas vaxtı və əlavə olunmuş dəqiqələrdə hesab bərabər olduğundan (1:1) qalibi müəyyənləşdirmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasında ruslar daha dəqiq olublar - 4:3. Həmçinin Xorvatiya-Danimarka oyununda da əsas vaxtda qalib müəyyənləşmədiyindən (1:1) Balkan təmsilçisi 11 metrlik cərimə zərbələrin seriyasını dəqiq yerinə yetirərək (3:2) dörddəbir final mərhələsində vəsiqə qazanıblar. Braziliya yığması Meksika millisinə (2:0), Belçika isə Yaponiyaya (3:2) qalib gələrək dörddəbir finala yüksəliblər. Dörddəbir final mərhələsində Uruqvay millisi Fransa yığması ilə, Rusiya Xorvatiya ilə, Braziliya isə Belçika millisi ilə qarşılaşacaq. İsveç-İsveçrə görüşünün qalibi dörddəbir finalda İngiltərə-Kolumbiya görüşündə qələbə qazanan komanda ilə üz-üzə gələcək.
Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.