İDMAN
“Rusiya 2018”: Dörddəbir finala növbəti vəsiqəni Xorvatiya yoxsa Danimarka qazanacaq?
Bakı, 1 iyul, AZƏRTAC
İyulun 1-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin növbəti oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Nijniy Novqorod stadionunda Xorvatiya və Danimarka milliləri qarşılaşırlar.
Xorvatiya millisinin start heyətində Daniel Subaşiç, Şime Vrsalko, İvan Striniç, İvan Perişiç, Deyan Lovren, İvan Rakitiç, Luka Modriç, Marselo Brozoviç, Mario Mancukiç, Ante Rebiç və Domaqoy Vida yer alıblar.
Danimarka yığmasının heyətində isə meydana Kasper Şmeyxel, Simon Ker, Yonas Knudsen, Andreas Kristensen, Tomas Dileyni, Kristian Eriksen, Martin Breytueyt, Matias Yorqensen, Henrik Dalsqor, Yussuf Poulsen və Andreas Kornelius çıxıblar.
Matçın baş hakimi argentinalı Nestor Pitanadır.
Bu oyunun qalibi dörddəbir finalda Rusiya komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, “D” qrupunda Nigeriya (2:0), Argentina (3:0) və İslandiyaya (2:1) qalib gələn xorvatiyalılar 9 xalla qrupu ilk sırada başa vurublar. Danimarka millisi isə Peruya 1:0 hesabı ilə qalib gələrək, Avstraliya (1:1) və Fransa (0:0) ilə heç-heçə edərək 5 xalla “C” qrupunda ikinci olub.
Qeyd edək ki, futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsi çərçivəsində iyulun 2-də Braziliya-Meksika və Belçika-Yaponiya, ertəsi gün isə İsveç-İsveçrə və Kolumbiya-İngiltərə görüşləri baş tutacaq.
Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.