İDMAN
“Rusiya 2018”: Finala ikinci vəsiqə uğrunda Xorvatiya və İngiltərə milliləri qarşılaşırlar
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 11-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ikinci yarımfinal oyununda Xorvatiya və İngiltərə milliləri qarşılaşırlar.
AZƏRTAC xəbər verir ki, Moskvadakı “Lujniki” stadionunda keçirilən matçda Xorvatiya yığmasının start heyətində meydana Daniel Subaşiç, İvan Striniç, Domaqoy Vida, Deyan Lovren, Şime Vrsalko, İvan Perişiç, Marselo Brozoviç, İvan Rakitiç, Luka Modriç, Ante Rebiç və Mario Mancukiç çıxıblar.
İngiltərə millisinin ilk onbirliyində isə Cordan Pikford, Harri Maquir, Con Stouns, Kayl Uolker, Cordan Henderson, Cess Linqard, Dele Alli, Eşli Yanq, Kieran Tripper, Harri Keyn və Rahim Sterlinq yer alıblar.
Oyunu türkiyəli referi Cüneyt Çakır idarə edir.
Xatırladaq ki, “Dumanlı albion” təmsilçisi Belçika, Tunis və Panama ilə eyni qrupda mübarizə aparıb. İngilislər qrupda üç oyunun ikisində qələbə qazanıb və bir qarşılaşmada uduzublar. Komanda ilk turda Tunisi 2:1, ikinci turda isə Panamanı 6:1 hesabı ilə məğlub edib. 1966-cı ildəki dünya çempionatının qalibləri sonuncu turda Belçikaya 0:1 hesabı ilə məğlub olublar. İngiltərə millisi səkkizdəbir finalda Kolumbiyanı 11 metrlik cərimə zərbələri seriyasında, İsveçi 2:0 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Aktivində 6 qol olan İngiltərə millisinin hücumçusu Harri Keyn çempionatın ən məhsuldar futbolçusudur.
“D” qrupunda Nigeriya (2:0), Argentina (3:0) və İslandiyaya (2:1) qalib gələn xorvatiyalılar 9 xalla qrupu ilk sırada başa vurublar. Xorvatiya yığması səkkizdəbir finalda Danimarkanı, dörddəbir finalda isə Rusiya yığmasını 11 metrlik cərimə zərbələri seriyasında məğlub edərək mübarizədən kənarlaşdırıb.
Hər iki komanda dünya çempionatlarında ilk dəfə qarşılaşırlar. Xorvatiya millisi mundiallar tarixində ikinci dəfə yarımfinal matçına çıxacaq. Komanda ilk dəfə mundialda iştirak etdiyi 1998-ci ildə yarımfinalda Fransaya 1:2 hesabı ilə məğlub olub.
İngiltərə yığması isə dünya çempionatlarında üçüncü dəfə yarımfinal matçına çıxıb. Britaniyalılar çempion olduqları 1966-cı il dünya çempionatının yarımfinalında Portuqaliyanı 2:1 hesabı ilə məğlub ediblər. İngilislər 1990-cı ildə əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda 11 metrlik cərimə zərbələri seriyasında Almaniyaya uduzublar.
İngiltərə yığması mundialda yeganə komandadır ki, heyətindəki futbolçuların hamısı ölkə çempionatında – Premyer Liqada çıxış edir.
Qeyd edək ki, mundialın birinci yarımfinal oyununda Fransa millisi Belçika yığmasını məğlub edərək son 20 il ərzində üçüncü dəfə final mərhələsinə vəsiqə qazanıb.
Dünya çempionatında üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.