İDMAN


“Rusiya 2018”: İngiltərə yığması Panama millisini böyük hesabla məğlub edib

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də “Rusiya 2018”in on birinci günündə “G” qrupunda yer alan İngiltərə və Panama milliləri arasında qarşılaşmaya start verilib.

AZƏRTAC xəbər verir ki, “Nijniy Novqorod Arena”da keçirilən görüşdə oyunun favoriti sayılan İngiltərə millisi hesabı açıb. Kiran Trepyerin künc zərbəsini Con Stounz dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:0. Qarşılaşmanın 22-ci dəqiqəsində Panama millisinin müdafiəçiləri cərimə meydançasında Cesi Linqarda qarşı kobud oynayıb. Hakim panamalıların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Hari Keyn fürsəti əldən verməyib – 2:0. Matçın 36-cı dəqiqəsində ingilislərin heyətində ən gənc oyunçulardan olan Cesi Linqard uzaq məsafədən baxımlı qola imza atıb – 3:0. Bu hesabla razı olmayan İngiltərə yığması 40-cı dəqiqədə rəqib komandanı bir daha meydanın mərkəzinə dəvət edib. Con Stounz dublunu rəsmiləşdirib – 4:0.

Lakin bu qol da oyunda sonuncu olmayıb. Birinci hissəyə əlavə olunmuş birinci dəqiqədə misirli Qrişa Gehad yenidən Panama millisinin qapısına 11 metrlik cərimə zərbəsini təyin edib. Komandanın kapitanı Hari Keyn özünün ikinci yığmasının beşinci qolunu vurub – 5:0.

Qeyd edək, sonuncu dəfə birinci hissədə dörd qol 2014-cü ildə Braziliyada təşkil olunan mundialın yarımfinal mərhələsində mübarizə aparan Almaniya və Braziliya oyununda qeydə alınmışdı (5:0).

Beləliklə, komandalar fasiləyə İngiltərə millisinin böyük üstünlüyü ilə yollanıblar.

Qarşılaşmanın ikinci hissəsində yenə üstün oyun nümayiş etdirən İngiltərə yığması 62-ci dəqiqədə yenidən fərqlənib. Hari Keyn adını tabloya yazdırıb – 6:0. Bu Keynin dünya çempionatında vurduğu beşinci qol olub. Mundialın iki turundan sonra Kriştiano Ronaldo və Romelu Lukakunun aktivlərində dörd qol var. Oyunun 77-ci dəqiqəsində panamalılar qollardan birinin əvəzini çıxıb. Rikardo Avilanın ötürməsindən sonra Felip Baloy Panama millisinin təsəlli qolunu vurub – 6:1. Bu qol oyunda sonuncu olub.

Beləliklə, İngiltərə millisi Panama yığmasını 6:1 hesabı ilə məğlub edib.

Bu görüşdən sonra “G” qrupunun ikinci turuna yekun vurulub. İki turdan sonra turnir cədvəlinə Belçika və İngiltərə yığmaları başçılıq edir, aktivlərində xal olmayan Panama və Tunis komandaları üçüncü və dördüncü yerləri bölüşürlər. Mundialın ən çox qol vurulan (20 qol) qrupu olan “G” qrupunun üçüncü turuna iyunun 28-də start veriləcək. Həmin görüşlərdə Belçika İngiltərə ilə Tunis isə Panama yığması ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, indiyədək 14 dəfə mundiallarda iştirak edən “dumanlı albion” təmsilçisi 1966-cı ildə ev sahibliyi etdiyi səkkizinci dünya çempionatının finalında Almaniya yığmasına 4:2 hesabı ilə qalib gələrək çempion olub. Xatırladaq ki, həmin görüşdə hesab 2:2 olarkən azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun rəyi əsasında baş hakim ingilislərin hücumçusu Herstin qolunun qeydə alınması barədə qərar qəbul edib. Bu qoldan sonra bir dəfə də fərqlənən İngiltərə yığması tarixində ilk və yeganə çempionluğuna nail olub.

İngiltərə yığması mundialda yeganə komandadır ki, heyətindəki futbolçuların hamısı ölkə çempionatında – Premyer Liqada çıxış edir.

Panama yığması isə tarixində ilk dəfə mundialda mübarizə aparır.

Xatırladaq ki, günün ikinci görüşü “Yekaterinburq Arena”da keçiriləcək. Yaponiya və Seneqal yığmaları üz-üzə gələcəklər. Günün son qarşılaşması saat 22:00-da “Kazan Arena”da Polşa və Seneqal milliləri arasında keçiriləcək. İdman həvəskarları hər iki qarşılaşmanı İctimai Televiziya və İdman Azərbaycan kanallarında izləyə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.