İDMAN
“Rusiya 2018”: Meksika səkkizdəbir final mərhələsinin bir addımlığında
Bakı, 23 iyun, AZƏRTAC
Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının onuncu gününün ikinci görüşündə “F” qrupunda yer alan Cənubi Koreya və Meksika milliləri qarşılaşırlar. Oyun İdman Azərbaycan kanalında yayımlanır.
AZƏRTAC xəbər verir ki, “Rostov Arena” stadionunda keçirilən oyunda Cənubi koreyalıların start heyətində meydançaya Co Xen U, Cxan Xen Su, Kim En Qvon, Kim Min Vu, Li Yen, Cu Se Con, Ki Son Yen, Mun Son Min, Xvan Xi Cxan, Li Ce Son, Son Xim Min çıxıblar.
Meksika millisində start heyətində isə Qilyermo Ocoa, Karlos Solsedo, Ektor Moreno, Edson Alvares, Xesus Qalyardo, Miqel Layun, Ektor Erera, Andres Quardado, Karlos Vela, Xavyer Hesrdandes, İrvinq Losano yer alıblar.
Meksika millisi birinci turda son dünya çempionu Almaniya millisini gözlənilmədən 1:0 hesabı ilə məğlub edib. Cənubi Koreya yığması isə İsveç komandasına 1:2 hesabı ilə uduzub.
Cənubi Koreya və Meksika indiyədək bir dəfə üz-üzə gəlib. 1998-ci ildə eyni qrupda yer alan komandaların oyununda qalib tərəf Meksika millisi olub (3:1).
Qeyd edək ki, bundan əvvəl dünya çempionatlarında 9 dəfə iştirak edən Cənubi Koreya yalnız bir dəfə qrupdan çıxa bilib. Cənubi koreyalılar 2002-ci ildə Yaponiya ilə birlikdə ev sahibliyi etdikləri dünya çempionatında yarımfinala qədər irəliləyiblər. Yarımfinalda Almaniya yığmasına məğlub olan Cənubi Koreya üçüncü yer uğrunda görüşdə Türkiyə millisinə uduzub.
1930-cu ildə keçirilmiş ilk dünya çempionatının iştirakçısı olan Meksika yığması mundiallarda indiyədək 16 dəfə yer alıb və ən yaxşı nəticəni 1970-ci və 1980-ci illərdə göstərərək dörddəbir final mərhələsinə qədər irəliləyə bilib. Bundan əlavə, 1970-ci və 1986-cı illərdə futbol üzrə dünya çempionatları Meksikada keçirilib. Meksika, həmçinin ABŞ və Kanada ilə birlikdə 2026-cı ildəki mundiala da ev sahibliyi edəcək.
Xatırladaq ki, günün son qarşılaşması saat 22:00-da Soçidəki “Fişt Arena”da Almaniya və İsveç milliləri arasında keçiriləcək. İdman həvəskarları bu matçı İctimai Televiziya və İdman Azərbaycan kanallarında izləyə biləcəklər.