İDMAN


“Rusiya 2018”: Xorvatiya, Fransa və Danimarka yığmaları səkkizdəbir finalın bir addımlığında

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının VIII günündə səkkizdəbir finalın daha üç iştirakçısı müəyyənləşə bilər.

AZƏRTAC xəbər verir ki, gün ərzində “C” qrupunda Danimarka-Avstraliya və Fransa-Peru görüşləri oynanılacaq. “D” qrupunda isə Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər.

Dünya çempionatının səkkizinci gününə saat 16:00-da “Samara Arena”da başlayacaq Danimarka-Avstraliya oyunu ilə start veriləcək. Danimarka ilk turda Peru yığmasını minimal hesabla məğlub edib – 1:0. Avstraliya millisi isə Fransa yığmasına 1:2 hesabı ilə uduzub.

Bu oyun komandalar arasında dördüncü matç olacaq. Belə ki, üç dəfə yoldaşlıq oyununda üz-üzə gələn komandalar arasında Avstraliya 2, Danimarka isə 1 dəfə qələbə qazanıb. Buna baxmayaraq, Danimarka FIFA-nın açıqladığı sonuncu reytinq cədvəlində rəqibini 24 pillə qabaqlayaraq 12-ci yerdə qərarlaşıb.

İlk dəfə 1986-cı ildə Meksikada təşkil olunan dünya çempionatında debüt edən Danimarka millisi Avstraliya yığmasını məğlub edəcəyi təqdirdə turnirin səkkizdəbir final mərhələsinə yüksələcək.

“Yekaterinburq Arena”da keçiriləcək “C” qrupunun digər oyununda Fransa və Peru yığmaları qarşılaşacaqlar. On beşinci dəfə dünya çempionatında iştirak edən Fransa növbəti mərhələyə adlamağa çox yaxındır. İndiyədək iki dəfə üz-üzə gələn komandalar hərəyə bir dəfə qələbə qazanıblar. 1960-cı ildə İtaliyada təşkil olunan XVII Yay Olimpiya Oyunlarının qrup mərhələsində qarşılaşan komandaların duelindən Fransa millisi 2:1 hesablı qələbə ilə ayrılıb. Peru yığması ilə minimal hesablı qələbəni 1982-ci ildə Parisdə keçirilən yoldaşlıq oyununda qazanıb – 1:0.

Saat 19:00-da start götürəcək matçı Birləşmiş Ərəb Əmirliklərindən olan hakim Mohammed Abdulla Mohammed idarə edəcək.

Günün sonuncu oyununa isə saat 22:00-da Nijni Novqorod şəhərində start veriləcək. Turnirin “D” qrupunda yer alan Xorvatiya və Argentina milliləri üz-üzə gələcəklər.

İlk turda Xorvatiya millisi Nigeriyanı 2:0 hesabı ilə məğlub edib. Argentina-İslandiya oyunu isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Xorvatiya 3 xalla qrupda birinci yerdə qərarlaşıb.

İndiyədək 4 dəfə qarşılaşan komandaların statistikasında üstünlük Argentina millisinin xeyrinədir. Belə ki, Argentina millisi 3 dəfə qələbə qazanıb, 1 matçda hesab açılmayıb. İyirmi il əvvəl Fransada keçirilən dünya çempionatının qrup mərhələsində bu komandaların qarşılaşmasında Argentina millisi minimal hesabla qalib gəlib – 1:0. FIFA-nın reytinq cədvəlində Latın Amerikası təmsilçisi ilk beşliyi tamamlayır. Xorvatiya millisi isə 20-ci pillədə yer alıb.

Danimarka-Avstraliya oyunu İdman Azərbaycan, Fransa-Peru qarşılaşması İdman Azərbaycan və İctimai Televiziya, Xorvatiya-Argentina matçı isə İctimai Televiziya və İdman Azərbaycan kanallarında tamaşaçılara təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.