CƏMİYYƏT
Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “DOST” mərkəzi ilə tanış olub
Bakı, 24 may, AZƏRTAC
Ölkəmizə səfərə gəlmiş Rusiya Federasiyası Əmək və Sosial Müdafiə naziri Maksim Topilinin rəhbərlik etdiyi nümayəndə heyəti Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) “DOST” mərkəzi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qonaqlara mərkəz haqqında məlumat verib. Nazir vurğulayıb ki, bu gün ölkəmizdə sosial sahədə aparılan islahatların əsas hədəflərindən biri də dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasıdır. Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi də bu məqsədə xidmət edir. “DOST” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsi olmaqla geniş əhatəyə malik sosial xidmətlərin “bir pəncərə”dən və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsini nəzərdə tutur.
Qeyd olunub ki, agentliyin ilk “DOST” mərkəzi hər gün 350-dən artıq vətəndaşa xidmət edir. Hazırda “DOST” mərkəzində əmək, məşğulluq, sosial təminat sahələri üzrə 126 növdə xidmət göstərilir. 2019-2025-ci illərdə bütün ölkə üzrə 31 “DOST” mərkəzi yaradılacaq və onlar 2,8 milyon şəxsi xidmətlərlə təmin edəcək.
Rusiya nümayəndə heyəti əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat, pensiya, sosial sığorta, əmək münasibətləri, məşğulluq, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, həmçinin sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri və s. sahələr üzrə xidmət bölmələri ilə tanış olub. Burada çalışan sosial agentlərin və könüllülərin iş funksiyalarını, müraciət edən vətəndaşlara xidmət göstərilməsi prosesini nəzərdən keçiriblər.
M.Topilin və nümayəndə heyətinin digər üzvləri “DOST” mərkəzinin onlarda maraq və gözəl təəssüratlar yaratdığını vurğulayıblar. Onlar ölkəmizin sosial sahədə bu mühüm islahat tədbirinin uğurlu innovativ yenilik olduğunu qeyd ediblər.
Sonra nümayəndə heyətinə Azərbaycanın əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlərinə, əhaliyə göstərilən elektron xidmətlərə dair təqdimatlar edilib. Həmçinin ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində tədbirlər və icra olunan özünüməşğulluq proqramı ilə yanaşı, ünvanlı dövlət sosial yardımı və əlilliyin qiymətləndirilməsi üzrə elektron sistemlərin bu günlərdə Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən xüsusi mükafatlara layiq görüldüyü də diqqətə çatdırılıb.