CƏMİYYƏT
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Novosibirsk vilayətinin qubernatoru vəzifəsinə namizəddir
Moskva, 21 iyun, AZƏRTAC
Rusiya Liberal Demokrat Partiyasının (RLDP) Novosibirsk regional bölməsi Novosibirsk vilayətinin qubernatoru vəzifəsinə RF Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədrinin birinci müavini, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Dmitri Savelyevin namizədliyini irəli sürüb.
AZƏRTAC xəbər verir ki, D.Savelyev Novosibirsk vilayətinin qubernatoru vəzifəsinə bundan əvvəlki seçkilərdə də iştirak edib və o vaxt 18,82 faiz seçici səsi toplayaraq ikinci yeri tutub.
Novosibirsk vilayətində növbədənkənar qubernator seçkiləri sentyabrın 9-da keçiriləcək. Bu regionun qubernatoru vəzifəsinə “Yedinaya Rossiya”, “Spravedlivaya Rossiya”, “Narodnıy Alyans” və “Zelyonıye” partiyaları da öz namizədlərini irəli sürüblər.
Dmitri Savelyev 1971-ci il mayın 25-də Novosibirskdə anadan olub. Novosibirsk Dövlət İqtisadiyyat və İdarəetmə Akademiyasını, Sibir Dövlət Xidməti Akademiyasını və RF Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasını bitirib. 2011-ci ildən Dövlət Dumasının deputatıdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva