İQTİSADİYYAT


Rusiya-Azərbaycan: sənaye sahəsində əməkdaşlıq tam sürətlə inkişaf edir

Moskva, 9 aprel, AZƏRTAC

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev Rusiya və Azərbaycan arasında iqtisadi tərəfdaşlığın inkişafı yolları, həmçinin bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunun əhəmiyyəti barədə fikirlərini AZƏRTAC-ın müxbiri ilə söhbətində bölüşüb.

-Dmitri İvanoviç, bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunun yekunlarını necə qiymətləndirirsiniz?

-Bizim Rusiya-Azərbaycan iqtisadi tərəfdaşlığının yaradılmasında ilk addımlardan normal iş prosesinə keçdiyimiz açıq-aydındır. Nəticələr göz qabağındadır: ölkələrimiz arasında əmtəə dövriyyəsi ötən il 2017-ci ilin göstəricilərini 19 faiz üstələyərək 2,5 milyard dollara çatıb. Bu işgüzar missiyada hər iki tərəfdən 200 biznesmenin iştirak etməsi şirkətlərin birgə layihələrə böyük marağının göstəricisidir.

-Bu gün hansı əməkdaşlıq istiqamətləri daha çox prioritet təşkil edir?

-Həm Rusiya, həm də Azərbaycan üçün sənaye sektorunda - energetika, neft-qaz, avtomobil və maşınqayırma sahələrində müştərək müəssisələrin açılması böyük əhəmiyyət kəsb edir. Qarşılıqlı sərmayə qoyuluşu üzrə real nümunələrdən “SOCAR Polymer” layihəsini, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin tikintisini, həmçinin Gəncə Avtomobil Zavodunun Rusiyanın “KamAZ” və “Ural” Avtomobil Zavodları ilə əməkdaşlığını göstərmək olar. Azərbaycanda “Mi” helikopterlərinin texniki xidməti və təmirini həyata keçirəcək servis mərkəzinin yaradılması planlaşdırılır. Azərbaycan yüngül sərnişin, o cümlədən sualtı qanadlarla hərəkət edən gəmilərin tikintisində maraqlıdır. Forum çərçivəsində Rusiyanın üç şirkəti – “Rostselmaş”, “Transmaşholdinq” və “Servis İnvest” azərbaycanlı tərəfdaşları ilə əməkdaşlığa dair sazişlər imzalayıblar. Ümumilikdə sənaye sahəsində əməkdaşlıq tam sürətlə inkişaf edir.

-Rəqəmsal sahədə hər hansı təmas nöqtələri mövcuddurmu?

-Rusiyanın sənaye və ticarət naziri Denis Manturov forumdakı çıxışında vurğulayıb ki, iqtisadi əməkdaşlığın inkişafında kibertəhlükəsizlik çox mühümdür. Praktik olaraq Rusiya və Azərbaycan paralel şəkildə vergi sistemində və dövlət idarəçiliyi xidmətlərində öz rəqəmsal texnologiyalarını tətbiq edirlər. “Kasperski laboratoriyası” “Yandeks” və “Mail.ru Group” kimi iri internet şirkətləri Rusiya bazarında sıfırdan başlayaraq öz fəaliyyətlərini genişləndiriblər. Onların məhsulları azərbaycanlı tərəfdaşlar üçün də maraqlı ola bilər.

-Hər halda, forumun sensasiyası xarici bazarlara birgə çıxış imkanlarının müzakirəsi olub?

-Bəli, biz artıq beynəlxalq arenada qarşılıqlı fəaliyyət göstərməyə və orada yeni layihələr təqdim etməyə hazırıq. Bir sıra şirkətlər Azərbaycanın çox əlverişli coğrafi mövqeyi ilə maraqlanırlar. Buradan logistika xərclərini azaldaraq üçüncü ölkələrin bazarlarına çıxmaq mümkündür.

Rusiyanın Sənaye və Ticarət Nazirliyi və Rusiya İxrac Mərkəzi ixrac prosesinin dəstəklənməsinin vahid sistemini işə salır. Bunun üçün 19 ölkədə (onların arasında Çin, Türkiyə, AFR, Vyetnam, Özbəkistan və Sinqapur da var) regional hablar yaradılacaq, onların vasitəsilə Rusiya malları dünyanın 100-dən çox ölkəsinə göndəriləcək. Artıq Hindistanın Mumbay şəhərində ilk xarici ofis açılıb. Azərbaycanın müəssisələri bu sistem çərçivəsində fəaliyyət göstərərək öz mallarını bütün dünyada sata bilərlər. Sırf ticarət layihələri ilə yanaşı, birgə yığma istehsalatlarının yaradılması üzrə yaxşı ideyalar irəli sürülüb. Onların çərçivəsində maşınqayırma məhsullarını Yaxın Şərqin və Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən bazarlarına tədarük etmək olar. Artıq bu il Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına dair Fərman imzalayıb. Bu şirkət Rusiyanın “Rostex” firmasının yerinə yetirdiyi analoji funksiyaları həyata keçirəcək. O, qeyri-neft sektorunun inkişafı, müdafiə və idxalı əvəz edən sənaye məhsullarının buraxılması ilə məşğul olacaq. Gəlirinin həcmi baxımından dünyanın 10 ən böyük sənaye korporasiyalarının sırasında olan “Rostex”lə əməkdaşlıq “Azərsilah”a öz məhsullarını miqyasına görə ən böyük Afrika və Yaxın Şərq ölkələrinin bazarlarına çıxarmağa kömək edə bilər.

-Hansısa məqamda, məsələn, təbii qazın Avropa istehlakçılarına tədarükü məsələsində Rusiya və Azərbaycanın iqtisadi maraqlarının ziddiyyət təşkil etməsi mümkündürmü?

-Məhz bu məsələdə heç bir ziddiyyət yarana bilməz. Çünki bu tədarük müxtəlif bazarlara istiqamətlənib: Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə İtaliyaya, Rusiya qazı isə “Türk Axını” vasitəsilə Mərkəzi və Şərqi Avropa ölkələrinə nəql ediləcək. Burada hər hansı rəqabətdən söhbət gedə bilməz. Lakin müəyyən fəaliyyət istiqamətləri üzrə maraqların toqquşması müşahidə olunarsa, Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumu kimi hər iki tərəfin istənilən vaxt danışıqlar masası arxasında qarşılıqlı faydalı qərarların qəbul edəcəyi tədbirlər məhz bunun üçün keçirilir. Bu, bizim qarşılıqlı fəaliyyətimizin bütün tarixi boyu belə olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.