İQTİSADİYYAT
Rusiya Ekspertiza İdarəsi Samur çayı üzərindən körpünün inşası layihəsini təsdiq edib
Moskva, 20 sentyabr, AZƏRTAC
Rusiya Baş Dövlət Ekspertiza İdarəsi Azərbaycan ilə Rusiya arasında Samur çayı üzərindən avtomobil körpüsü salınmasına dair layihə və smeta sənədlərini təsdiq edib.
İdarənin məlumatında deyilir ki, mühəndis araşdırmalarının nəticələri və layihə sənədləri texniki reqlamentin tələblərinə və digər tələblərə tam uyğundur.
Hazırda Azərbaycan ilə Rusiya arasında avtomobillərin hərəkəti Samur çayı üzərində 1957-ci ildə tikilmiş köhnə körpü vasitəsilə həyata keçirilir. Körpünün ölçüləri və texniki vəziyyəti müasir tələblərə cavab vermir. Buna görə də körpü tezliklə bağlanacaq və yalnız su qovşağının istismarı üçün xidməti qurğu kimi fəaliyyət göstərəcək.
Əvvəlki körpünün 60 metrliyində tikiləcək yeni sərhəd qovşağı avtomobillərin hərəkəti üçün iki zolaqlı yoldan ibarət olacaq, uzunluğu 325,3 metr, eni 17,3 metr, seysmik davamlığı 10 bal təşkil edəcək. Layihədə 1957-ci ildə tikilmiş sahil bəndlərinin də yenidən qurulması nəzərdə tutulub.
Azərbaycan ilə Rusiya arasında 2013-cü ildə imzalanmış hökumətlərarası sazişə əsasən, yeni körpü ümumi vəsait hesabına tikiləcək.
Rusiya tərəfi körpünün inşasını federal büdcə hesabına maliyyələşdirəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva