REGİONLAR
Rusiya FHN-nin minatəmizləyənlərini gətirən təyyarə Gəncəyə eniş edib VİDEO
Rusiyadan gəlmiş minatəmizləyənlər ilkin olaraq Ağdamda ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına başlayacaq
Gəncə, 4 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 nəfərlik xüsusi qrupu və texnikası Azərbaycana gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin minatəmizləyənlərini gətirən təyyarə yanvarın 4-də Gəncə beynəlxalq aeroportuna eniş edib.
Azərbaycanın fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Lətifov jurnalistlərə müsahibəsində bildirib ki, Rusiyadan gələn qrup Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi əməliyyatlarında iştirak edəcək.
Onun sözlərinə görə, 20 nəfərlik qrup Fövqəladə Hallar Nazirliyinin Ağdamın Quzanlı qəsəbəsindəki Qarabağ Regional Mərkəzinin ərazisində yerləşəcəklər. Qrup sabahdan etibarən ilkin olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına başlayacaq.