İDMAN


Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Milli Gimnastika Arenası ilə tanış olub

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko aprelin 12-də Milli Gimnastika Arenası ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva Arenada yaradılan şərait barədə Valentina Matviyenkoya ətraflı məlumat veriblər.

Bildirilib ki, 9600 nəfər üçün nəzərdə tutulmuş Milli Gimnastika Arenası iki hissədən ibarətdir. Dünyada analoqu olmayan, xüsusi texnologiya əsasında hazırlanan arenada gündəlik əsasda gimnastların beynəlxalq yarışlara hazırlıq prosesi aparılır. Buradakı gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Arenada məşqlər üçün nəzərdə tutulmuş zallar, auditoriyalar, atletlər üçün xidmət göstərən yeməkxana mövcuddur. Kompleksdə, həmçinin mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olan bu idman qurğusunda otel də yaradılıb.

Məlumat verilib ki, Azərbaycan Gimnastika Federasiyası əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb edilməsi, milli idman kadrlarının hazırlanması, yığma komandaların formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi ilə də fəal şəkildə məşğul olur. Burada 200-ə yaxın 12-13 yaşından yuxarı oğlan və qızlar idmanla yanaşı, Təhsil Nazirliyi ilə razılaşma əsasında öz təhsillərini də davam etdirirlər. Federasiya xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman qurumları ilə də əlaqələrini inkişaf etdirir.

Qeyd olunub ki, Milli Gimnastika Arenası ölkəmizdə bir sıra mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Gimnastikanın müxtəlif növləri üzrə nüfuzlu beynəlxalq turnirlərlə yanaşı, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi, 2015-ci ildə I Avropa və 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarının gimnastika yarışları, ötən il cüdo üzrə dünya çempionatı bu möhtəşəm arenada təşkil olunub.

Komplekslə tanışlıqdan sonra Valentina Matviyenko bədii gimnastların nümunəvi çıxışlarına baxıb.

Gimnastlarla söhbət edən qonaq Milli Gimnastika Arenasında yaradılan şəraiti yüksək qiymətləndirib, atletlərə uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.