İQTİSADİYYAT


Rusiya-Gürcüstan-Azərbaycan-Rusiya elektrik enerjisi şəbəkələrinin əlaqəli şəkildə idarə olunması müzakirə edilib

Bakı, 19 fevral, AZƏRTAC

Rusiya-Gürcüstan-Azərbaycan-Rusiya elektrik enerjisi şəbəkələrinin əlaqəli şəkildə idarə olunması müzakirə edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakın dəvəti ilə bu ölkəyə səfər edib. İki ölkənin energetika nazirlərinin görüşündə enerji sektorunda əhəmiyyət daşıyan bir sıra aktual mövzular, qlobal enerji bazarında müşahidə edilən yeni proseslər və regional əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair məsələlər müzakirə edilib.

Söhbət zamanı Azərbaycan-Rusiya əməkdaşlığının yüksələn xətt üzrə inkişafının enerji sahəsini də əhatə etdiyi vurğulanıb.

Energetika naziri Pərviz Şahbazov hər iki ölkənin paralel iş rejimində fəaliyyət göstərən enerji sistemlərinin enerji dəhlizinin formalaşdırılması üçün imkanlara malik olduğunu deyib. Onun sözlərinə görə, enerji mübadiləsinin həcminin və keyfiyyətinin artırılması istiqamətində son illər görülən işlər elektrik enerjisi sahəsində əməkdaşlığın yeni mərhələyə daxil olmasına şərait yaradır. Görüşdə iki ölkə arasında enerji mübadiləsinin artırılması və “Şimal-Cənub enerji dəhlizi”nin yaradılmasında vacib rol oynayan Rusiya və Azərbaycan enerji sistemləri arasında “Yaşma-Dərbənd” dövlətlərarası ikinci hava elektrik verilişi xəttinin (HEVX) tikintisi ilə bağlı müzakirələr aparılıb. Yaxın vaxtlarda İşçi Qrupunun iclasının keçirilməsi barədə razılıq əldə olunub. Bundan başqa “Samur” çayının hidroenergetik resurslarının kompleks şəkildə öyrənilməsi və Su Elektrik Stansiyasının inşası perspektivi də nəzərdən keçirilib.

Hər iki tərəf, həmçinin Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya elektroenergetik həlqəsinin yaradılmasında maraqlarını ifadə edərək, üçtərəfli formatda görüşün zəruriliyini vurğulayıblar.

Görüşdə neft-qaz sahəsində “LUKoil”, “Gazprom” və “Rosneft” kimi şirkətlərin timsalında uğurlu əməkdaşlıq əlaqələrinə də diqqət yönəlib. OPEC çərçivəsində əməkdaşlığın nəticələrindən bəhs edilib. Bildirilib ki, dünya neft bazarında hazırda müşahidə edilən tələb-təklif tarazlığı və qiymət sabitliyinin yaranmasında OPEC+ sazişi effektli olub. Sabitləşməni qorumaq üçün neft hasilatının azaldılması prosesi davam etdirilməlidir. Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılmasına dair OPEC+ anlaşmasına qoşulmuş ölkələrlə davamlı əməkdaşlıq mexanizmi üzərində çalışması da neft bazarında qiymət sabitliyinin möhkəmlənməsinə xidmət edir.

Səfər çərçivəsində energetika naziri Pərviz Şahbazov Rusiyanın vahid enerji sistemində mərkəzləşdirilmiş operativ-dispetçer idarəetməsini həyata keçirən “Vahid Enerji Sisteminin Sistem Operatoru” SC-nin işi ilə tanış olub. Səhmdar cəmiyyətin sədri Boris Ayuyevlə görüşdə Rusiya Federasiyasının elektroenergetika sisteminin hazırkı vəziyyəti, elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasında yeni innovasiyaların tətbiqi, modernləşmə tədbirləri ilə bağlı müzakirələr aparılıb. Rusiya-Gürcüstan-Azərbaycan-Rusiya elektrik enerjisi şəbəkələrinin əlaqəli şəkildə idarə olunması, MDB Elektroenergetika Şurası çərçivəsində həyata keçirilməsi, şuranın növbəti toplantısında iştirak və iki ölkə arasında rabitə kanallarının təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

P.Şahbazov alternativ və bərpaolunan enerji mənbələrinin sistemə qoşulmasına dair Sistem Operatorunun təcrübəsi ilə də maraqlanıb. İki ölkə arasında müvafiq sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün təkliflər irəli sürüb.

Energetika nazirinin daha bir ikitərəfli görüşü “Bazar şurası qeyri-kommersiya tərəfdaşlığı” Assosiasiyasının sədri Maksim Bıstrovla olub. Görüşdə elektrik enerjisinin topdansatış bazarının subyektləri sayılan alıcı və satıcıların üzvlük əsasında birliyi kimi təsis olunan Assosiasiyanın fəaliyyəti, Rusiyanın elektroenergetika sistemində bazar münasibətlərinin tənzimlənməsində rolu və islahatların həyata keçirilməsində təcrübəsindən bəhs edilib.

Nazir ölkəmizin elektroenergetika sektorunda davamlı islahatların aparıldığını və bu istiqamətdə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, hər iki ölkənin enerji sistemləri arasındakı uyğunluqları nəzərə alaraq Rusiyanın elektrik enerjisi bazarında yeni çağırışlara müvafiq tətbiq edilən mexanizm Azərbaycan üçün maraqlı nümunələrdəndir.

Pərviz Şahbazovu Rusiya Federasiyasına səfərində Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, səfirliyin müşaviri Şövqi Mehdizadə, Energetika Nazirliyi aparatının rəhbəri Zaur Məmmədov və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Esmira Cəfərova müşayiət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.