MƏDƏNİYYƏT
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Beynəlxalq Qadınlar Günü qeyd edilib
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Rusiyanın Azərbaycandakı səfirliyinin, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin və “Russian Business Group” jurnalının dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Rossotrudniçestvo” agentliyinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Valentin Denisov tədbiri açaraq zalda toplaşmış qadınları qarşıdan gələn bayram münasibətilə təbrik edib. O qeyd edib ki, qadınlar Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayırlar. V.Denisov bildirib ki, 8 Mart bayramının şərəfinə bu gün Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində “Moskva-Bakı. Qadınların baxışı” adlı sərgi keçirilir. Bu layihə 2018-ci ildə təqdim edilmiş “Moskva-Bakı. Kilometrlər arxasından baxış” adlı ekspozisiyanın davamıdır. Belə fotosərgilərin məqsədi Rusiyada yaşayan və siyasət, mədəniyyət, təbabət və digər sahələrdə böyük uğurlar qazanmış azərbaycanlı qadınları ictimaiyyətə tanıtmaqdır.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova sərginin təşkilatçılarına bizim qadınlara göstərilən diqqətə görə təşəkkürünü bildirib. H.Hüseynova deyib: “Sevindirici haldır ki, bu gün burada Rusiyanın ictimai həyatına böyük töhfələr verən 36 azərbaycanlı qadının fotoportretləri asılıb. Mən uzun illər boyu Rusiyada yaşamışam, bu ölkə mənim üçün ikinci Vətən olub. Çox şadam ki, ölkələrimizi bir sıra sahələrdə, o cümlədən humanitar sferada dostluq və tərəfdaşlıq telləri bağlayır. Əminəm ki, bu əlaqələr yüksələn xətt üzrə inkişaf edəcək”.
Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr qeyd edib ki, 8 Mart gözəl bayramdır. Bu bayram bəşəriyyətin həyatında qadınların necə böyük rol oynadığını bütün dünyaya xatırladır. Arxiyepiskop deyib ki, qadınlar həmişə ailə ocağının mühafizəçiləri olub, uşaqları tərbiyə ediblər, müasir dünyamız qadınlara çox borcludur.
Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbir iştirakçılarına Qəmər Almaszadə, Şövkət Ələkbərova kimi görkəmli azərbaycanlı qadınlar haqqında danışıb. O vurğulayıb ki, adları ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış bu qadınlar Azərbaycanı bütün dünyada ləyaqətlə təmsil ediblər.
Tədbir konsert proqramı ilə davam edib.