ELM VƏ TƏHSİL
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Gənc sənətşünasın məktəbi” layihəsi çərçivəsində mühazirə dinlənilmişdir
Bakı, 1 fevral (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Rus muzeyi: virtual filial” İnformasiya Təhsil Mərkəzinin bazasında RİMM-in “Gənc sənətşünasın məktəbi” layihəsi çərçivəsində böyük rus rəssamları A.Savrasovun və V.Makovskinin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə rəsm qalereyalarının, ümumtəhsil məktəblərinin, RİMM-in bədii yaradıcılıq studiyasının müəllimləri və şagirdləri iştirak etmişlər.
Sənətşünas Leyla Cəbrayılova görüş iştirakçılarını adı çəkilən rəssamların yaradıcılığının əsas mərhələləri ilə tanış etmişdir. Qonaqlar A.Savrasovun Rusiyanın orta zolağının bir növ mənzərə rəmzinə çevrilmiş “Zağcalar uçub gəldi”, “Gündüz çöl”, habelə V.Makovskinin sadə insanların qayğılarına həsr olunmuş “Bankın iflası”, “Qaraçı falı” və “Kəndli qadın uşaqlarla” əsərləri ilə tanış olmuşlar.
Tədbirin ikinci hissəsində RİMM-in bədii yaradıcılıq studiyasının müəllimi, rəssam M.Muxtarova praktiki məşğələ aparmışdır. Məşğələdə uşaqlar rəsm çəkmək bacarıqlarını sınaqdan keçirmişlər.