DÜNYA
Rusiya Misirdə sənaye zonası yaradır
Bakı, 20 iyul, Ramiz Quliyev, AZƏRTAC
Rusiya Misirdə sənaye zonası yaradır. Bu zona Port-Səid azad iqtisadi zonasının şərqində 2 hektar ərazini tutacaq.
AZƏRTAC “vergiler.az” saytına istinadla xəbər verir ki, 2017-ci ilin avqustunda ölkələr arasında bütün zəruri sənədlər imzalandıqdan sonra idarəedici şirkət yaradılacaq. Dekabrda Rusiyanın sənaye zonasının layihələşdirilməsinə başlanacaq, zonanın işə salınması isə 2018-ci ilin dekabrına gözlənilir.
Sənaye zonasının ixtisaslaşdırılması Rusiyanın ağır avtomobilqayırma, neft-kimya, energetika, təbabət, tikinti materialları sahələri üzrə iri sənaye müəssisələrinin lokallaşdırılmasını nəzərdə tutur. Ərazinin logistika baxımından cəlbediciliyini artırmaq üçün liman tikilməsi də planlaşdırılır.
Zonanın potensial rezidentləri arasında “Qruppa QAZ”, “KAMAZ”, “UAZ”, “Qazprom neft”, “Tatneft”, “İnter RAO”, “Transmaşholdinq”, “Morton”, “Metprom” və “Renault” kimi şirkətlərin adları çəkilir. Sənaye zonasının rezidentləri üçün komponentlərin gətirilməsi hazır məhsulun yerli bazara çıxarılmasına qədər gömrük rüsumundan azad ediləcək.
Bundan başqa, bir sıra vergi imtiyazları, o cümlədən hüquqi şəxslərin mənfəətindən 10 faiz vergi tutulması və satışdan vergiyə sıfır dərəcə tətbiq olunması nəzərdə tutulur.