İQTİSADİYYAT
Rusiya OPEC-in iclasında istehsal kvotalarına yenidən baxılmasını gündəmə gətirəcək
Bakı, 3 dekabr, AZƏRTAC
Rusiya OPEC və digər qeyri-OPEC neft istehsalçılarının (“OPEC plus”) bu həftə keçiriləcək toplantısında istehsal kvotalarına yenidən baxılmasını gündəmə gətirəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.
Nazir iclasda neft bazarındakı son proseslərin müzakirə olunacağını, noyabrda hasilatın azaldılması üzrə razılaşmanın 85 faiz yerinə yetirildiyini qeyd edib: “Dekabrda razılaşmanı 100 faiz yerinə yetirməyi planlaşdırırıq. Vyanadakı iclasda neft bazarındakı son inkişaflarla yanaşı, istehsal kvotalarına yenidən baxılmasını gündəmə gətirəcəyik. Qaz kondensatı istehsalının da kvotalara daxil edilməsini istəyirik”.
Qeyd edək ki, OPEC hazırkı hasilat səviyyələrinin qorunacağı təqdirdə 2020-ci ildə neft bazarının sabitləşəcəyini gözləyir.
Analitiklərə görə, OPEC və tərəfdaşları neft hasilatının həcmini daha çox azaltmayacaq, lakin istehsal məhdudiyyətləri ilə bağlı sazişin müddətini uzadacaq.
KİV-lər isə OPEC-in neft hasilatının azaldılması üzrə sazişin müddətini daha 3-6 ay uzadacağını nəzərdə tutur.
Xatırladaq ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.
Ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.