DÜNYA
Rusiya Prezidenti “Qolunov işi” bağlı iki generalı işdən çıxarıb
Bakı, 13 iyun, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyası daxili işlər orqanları əməkdaşlarının vəzifədən azad olunması haqqında” fərman imzalayıb.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, prezident “Qolunov işi” ilə bağlı RF DİN-nin Moskva şəhəri üzrə narkotiklərin dövriyyəsinə nəzarət Baş idarəsinin idarə rəisi polis general-mayoru Yuri Devyatkini və DİN-in Moskva şəhəri üzrə Baş idarəsinin Qərb administrativ dairəsinin idarə rəisi general-mayor Andrey Puçkovu vəzifədən azad edib.
Latviyada yerləşən Meduza internet-nəşrinin müxbiri İvan Qolunov iyunun 6-da Moskvada polislər tərəfindən saxlanılmışdı. O vaxt DİN-in paytaxt baş idarəsinin mətbuat xidməti bildirmişdi ki, Qolunovun üzərinə baxış zamanı, sonradan isə mənzilində axtarış aparılarkən narkotik vasitələr aşkarlanıb və ona qarşı ittiham irəli sürülüb.
Jurnalist məhkəmədə özünü günahsız saydığını və cinayət təqibinin dəfn biznesi haqqında yazıları ilə bağlı olduğunu bəyan edib. Qolunovun müdafiəsi də öz növbəsində bildirib ki, cinayət işi saxtalaşdırılıb və onun materiallarında külli miqdarda ziddiyyətlər var.
“Qolunov işi” Rusiyada və xaricdə geniş rezonans doğurub. Jurnalistlər onun azad olunmasını tələb ediblər.