MƏDƏNİYYƏT
Rusiya Prezidenti müğənni Anna Netrebkonu yubileyi münasibətilə təbrik edib
Moskva, 18 sentyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin opera müğənnisi, RF Xalq artisti Anna Netrebkonu 50 illik yubileyi münasibətilə təbik edib.
AZƏRTAC xəbər verir ki, Rusiya və Avstriyanın opera müğənnisi, Rusiyanın Xalq artisti, RF Dövlət Mükafatı laureatı Anna Netrebkonun 50 yaşı tamam olub.
Rusiya Prezidenti qeyd edib ki, bütün dünyada milyonlarla insan Anna Netrebkonun səsinə heyrandır.
Təbrikdə deyilir: “Sizi yubileyiniz münasibətilə təbrik edirəm, böyük məmnuniyyətlə bu gün sizin parlaq istedadınızın çoxsaylı pərəstişkarlarının dilindən səslənən ən xoş, səmimi arzulara qoşuluram. Sizin parlaq fərdi istedadınız, bənzərsiz artistizminiz, nadir gözəl səsiniz, yaradıcı ilhamınız ən tələbkar tamaşaçını da heyran edir, müxtəlif ölkələrdən olan milyonlarla insanı məftun edir”.
RF dövlətinin başçısı qeyd edib ki, peşəkar kimi tanınmasına əsla şübhə olmayan bu artist Rusiya vokal məktəbinin nümayəndəsi və Rusiyanın fəxridir.
V.Putin daha sonra qeyd edib ki, bütün Rusiya Netrebko ilə fəxr edir, ona görə ki, bu məlahətli və xeyirxah insan həyatsevər xarakterə və qəti vətəndaş mövqeyinə malikdir.
Xatırladaq ki, Anna Netrebko 50 illik yubileyini sentyabrın 18-də Kreml sarayında qala-konsertlə qeyd edəcək. Müğənnini aparıcı opera teatrlarının solistləri, populyar ifaçılar və görkəmli mədəniyyət xadimləri, o cümlədən Yusif Eyvazov, Elçin Əzizov, Xibla Qerzmava, Denis Matsuyev, İldar Abdrazakov, Yekaterina Semençuk, Oleq İvenko, Pyotr Beçala, Mixael Folle, Filip Kirkorov, İqor Krutoy və bir çox başqaları təbrik edəcəklər.
Y.F.Svetlanov adına Rusiya Dövlət Akademik Orkestrinin müşayiəti ilə keçəcək qala-konsertin aparıcıları Yana Çurikova və Vyaçeslav Makarov olacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva