SİYASƏT


Rusiya Prezidentinin mətbuat katibi: nəqliyyat kommunikasiyaları mövzusu Rusiya və Azərbaycan liderləri tərəfindən müzakirə edilir

Moskva, 1 dekabr, AZƏRTAC

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, nəqliyyat kommunikasiyaları mövzusu gündəlikdədir və Rusiya və Azərbaycan liderləri tərəfindən müzakirə edilir.

AZƏRTAC xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Rusiya Prezidentinin mətbuat xidmətinin məlumatlarının birində regionda nəqliyyat kommunikasiyalarının açılması mövzusu barədə söhbət açıldığını xatırladıb. D.Peskov deyib: “Yalnız onu xatırladım ki, bir yaxud iki həftə bundan əvvəl biz Əliyev ilə telefon danışığı barədə xəbərlərin birində demişdik ki, dövlətlərin başçıları digər problemlərlə yanaşı, regionda nəqliyyat kommunikasiyalarının açılması və inkişafı məsələsini də müzakirə ediblər”.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində qeyd edib ki, Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan baş naziri arasında imzalanan bəyanatın doqquzuncu bəndində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa ediləcəyi göstərilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

“Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət yanaşıblar”, - deyə Azərbaycanın lideri bəyan edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.