SİYASƏT


Rusiya Prezidentinin mövqeyi həm tarixi, həm də hüquqi kontekstdə ermənilərin Qarabağ manipulyasiyasına son qoyur

Bakı, 18 noyabr, AZƏRTAC 

Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi fikirlər bir sıra mühüm tərəfləri ilə diqqəti çəkir. Bunlardan biri, hər şeydən öncə, onun Dağlıq Qarabağın həmişə Azərbaycana aid olması ilə bağlı səsləndirdiyi fikirdir ki, bu, əslində, 100 ildir ermənilər tərəfindən spekulyasiya edilən mövzuya birdəfəlik son qoydu.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat deyib ki, beləliklə, Rusiya Prezidentinin bu mövqeyi həm tarixi, həm də hüquqi kontekstdə ermənilərin Qarabağ manipulyasiyasını onların əlindən alır. İkincisi, Rusiya Prezidenti açıq şəkildə Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirir, onun beynəlxalq hüquqa əsaslanan özünümüdafiə haqlarını qəbul edir və əslində, həm də BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq təcavüzə qarşı özünün seçdiyi müttəfiqlərlə birlikdə suveren hüquqlarını bərpaetmə haqlarının olduğunu deyir. Elə Türkiyə-Azərbaycan müttəfiqliyinin də bu kontekstdə qiymətləndirilməli olduğunu irəli sürərək Ankaranın mövqeyinin əsla beynəlxalq hüquqa zidd olmadığını ifadə edir. Nəhayət, Rusiya Federasiyasının da beynəlxalq hüquqa hörmət edən və müttəfiqləri ilə münasibətdə öz öhdəliklərinə sadiq olan bir dövlət olduğunu, Dağlıq Qarabağla bağlı məsələnin heç bir halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına aidiyyəti olmadığını deyir.

Hikmət Babaoğlunun sözlərinə görə, bütün bunlar əslində Azərbaycanın regionda yaratdığı yeni geostrateji reallığın şərtlərinin beynəlxalq hüquqla uzlaşması və Rusiyanın bunu qəbul etməsi deməkdir: “Düşünürəm ki, Putinin bu mövqeyi bundan sonra bütün beynəlxalq və regional aktorlara yeni reallığı dərk etmələri üçün yaxşı maarifləndirmə xarakteri daşıyır. Eyni zamanda, Putin informasiya məkanına da Rusiyanın rəsmi mövqeyini izah edir. Ona görə də bəzi rus media qurumları da bundan müəyyən nəticə çıxarmaqla öz informasiya siyasətlərinə düzəlişlər etməli olacaqlar.

Ən sonda isə Putin Azərbaycan ordusunun ən müasir və güclü ordulardan biri olduğunu düzgün qiymətləndirərək deyir ki, Ermənistan əldə edilmiş razılaşmanı qəbul etməsə, intihar etmiş olacaq.

Bütün bunlar növbəti mərhələdə Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı etimad və tərəfdaşlıq əsasında daha da inkişaf edəcəyi ilə bağlı yaxşı perspektivlər yaradır. Bu da hər iki qonşu ölkənin milli maraqlarına uyğundur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.