DÜNYA
Rusiya Suriyada İŞİD-in mövqelərinə ilk aviasiya zərbələri endirdiyini təsdiqləyib VİDEO
Bakı, 30 sentyabr, AZƏRTAC
Rusiya təyyarələri Suriyada İŞİD-in mövqelərinə ilk aviasiya zərbələri endirib. Amerikadakı diplomatik mənbələrin məlumatına əsasən, zərbələr hökumət qüvvələrinin nəzarətində olan Hüms şəhəri rayonuna endirilib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov ali baş komandan Vladimir Putinin əmri ilə hərbi hava qüvvələrinin əməliyyatlara başladığını deyib. Onun sözlərinə görə, İŞİD-in kommunikasiya mərkəzlərinə, hərbi texnikasına, silah və yanacaq anbarlarına dəqiq zərbələr endirilir.
Bir qədər əvvəl Dəməşq administrasiyası Bəşər Əsədin Rusiya Prezidenti Vladimir Putinə məktubundan sonra Suriyaya rus təyyarələri göndərildiyini bildirmişdi.
Sentyabrın 30-da Rusiya Federal Məclisinin Federasiya Şurası Silahlı Qüvvələrin ölkə xaricində istifadə olunmasına razılıq verib. Bundan dərhal sonra rus təyyarələri Suriyada ilk əməliyyatlara başlayıb. İki gün əvvəl ABŞ Prezidenti Barak Obama ilə Vladimir Putinin Nyu-Yorkda keçirilən görüşündən sonra Rusiya lideri Suriyada yerüstü əməliyyatın mümkünlüyünü istisna edib.