DÜNYA
Rusiya-Türkiyə əlaqələrinin bərpasına dair məlumatlar Yaponiya KİV-nin də diqqət mərkəzindədir
Tokio, 10 avqust, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 9-da Sankt-Peterburqa səfəri və burada rusiyalı həmkarı Vladimir Putinlə apardığı danışıqlar Yaponiya kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir.
Yaponiyanın aparıcı NHK televiziya kanalı, Kyodo və JİJİ Press informasiya agentlikləri, digər mətbuat orqanları ötən ilin noyabrında Türkiyə tərəfindən Rusiyanın hərbi təyyarəsinin vurulmasından sonra gərginləşən qarşılıqlı münasibətlərin məhz bu görüşdən sonra normallaşmağa doğru yönəldiyini yazır.
Məlumatlarda bildirilir ki, avqustun 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqa səfər edərək həmin hadisədən sonra ilk dəfə rusiyalı həmkarı ilə görüşüb.
Tərəflər arasında aparılan danışıqlardan sonra təşkil edilən mətbuat konfransında Prezident Vladimir Putin Türkiyəyə qarşı tətbiq olunan iqtisadi sanksiyaların mərhələli şəkildə ləğv olunacağını bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan isə iki ölkə arasında enerji və hərbi sahələrdə əməkdaşlığın inkişaf etdiriləcəyini söyləyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio